Dünya Çempionatında tarixi an: Arauxo “keçilməz” qapıçıya qol vuran ilk futbolçu oldu

ABŞ, Kanada və Meksikada keçirilən Dünya Çempionatının qrup mərhələsinin ikinci turunda maraqlı hadisə qeydə alınıb. Uruqvay yığmasının futbolçusu Maksimiliano Arauxo çempionatlar tarixində Kabo-Verde millisinin qapıçısı Vozinyanın qapısından top keçirən ilk oyunçu adını qazanıb.

ELAZ.İNFO xəbər verir ki, Mayamidə baş tutan qarşılaşmanın 21-ci dəqiqəsində “Krasnodar”ın və Kabo-Verde yığmasının yarımmüdafiəçisi Kevin Lenini cərimə zərbəsindən hesabı açıb. Lakin 44-cü dəqiqədə Maksimiliano Arauxo tarazlığı bərpa edib, az sonra isə Aqustin Kanobbio Uruqvayı önə keçirib.

Qeyd edək ki, Kabo-Verde yığması üçün bu çempionat tarixi əhəmiyyət daşıyır. Turnirin ilk matçında İspaniya ilə qarşılaşan komanda qapılarını toxunulmaz saxlaya bilmişdi (0:0). Həmin oyunda 7 seyv edərək böyük diqqət çəkən qapıçı Vozinya məhz bu uğurundan sonra sosial şəbəkədə izləyici sayını 15 milyona çatdırmışdı.

Xatırladaq ki, 48 komandanın iştirakı ilə ilk dəfə keçirilən Dünya Çempionatı iyulun 19-da başa çatacaq. 12 qrupdan ibarət olan turnirdə qruplarında ilk iki yeri tutanlar və ən yaxşı 8 üçüncü komanda 1/16 finala vəsiqə qazanacaq.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın