Daşkəsən rayonunda regionun aqroturizm potensialının nümayişi, yerli fermerlərin dəstəklənməsi və innovativ təsərrüfat yanaşmalarının təşviqi məqsədilə genişmiqyaslı tədbir təşkil olunub.
ELAZ.İNFO xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, dövlət qurumları və tərəfdaşların dəstəyi ilə Daşkəsən rayonu Gənclərin Təlim və İstirahət Mərkəzində Aqroturizm və Aqrar Biznes Festivalı keçirilib. Festivalın keçirilməsində əsas məqsəd Aqrar sahədə fəaliyyət göstərən dövlət qurumları, özəl sektor nümayəndələri və fermerlər arasında əməkdaşlığın gücləndirilməsi; Kənd təsərrüfatı sahəsində innovativ yanaşmaların təşviqi; Regionun aqroturizm potensialının tanıdılması; Yerli istehsalçıların məhsullarının geniş auditoriyaya təqdim olunması.
Aqrar Biznes Festivalı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları və aqrar şirkətlər tərəfindən stendlər qurulub, müasir kənd təsərrüfatı texnologiyaları, məhsul və xidmətlər nümayiş etdirilib. Fermerlərə subsidiyalar, aqrar sığorta, güzəştli maliyyə alətləri və digər dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib.
Festival çərçivəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramı”nın məqsəd və hədəflərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə təqdimat materialları stendlərdə nümayiş olunub, prioritet istiqamətlər barədə iştirakçılara məlumatlar təqdim edilib.
Aqroturizm festivalı çərçivəsində rayonun kənd təsərrüfatı məhsullarının sərgi-satışı təşkil edilib. Yerli istehsalçılar tərəfindən bal, süd, meyvə-tərəvəz, xalq sənətkarlığı nümunələri, əl işləri və milli mətbəx təamları nümayiş etdirilib. Tədbir çərçivəsində keçirilən idman yarışları, uşaqlar üçün əyləncə zonaları və STEAM layihələri üzrə təqdimatlar festival iştirakçılarının böyük marağına səbəb olub. Günün sonunda tədbir rəngarəng konsert proqramı ilə başa çatıb.
Ruslan MƏMMƏDOV


