Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsinin icrasını uğurla davam etdirir.
Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarının artırılması, onların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə layihə çərçivəsində nəzəri və praktiki təlimlər təşkil olunur.
ELAZ.İNFO xəbər verir ki, layihə çərçivəsində keçirilən ikinci təlim kulinariya istiqamətində baş tutub. Təlim zamanı iştirakçılara gündəlik qidalanmada geniş istifadə olunan krab salatının hazırlanma qaydası əyani şəkildə nümayiş etdirilib. Təlim iştirakçıları salatın hazırlanması prosesində istifadə olunan ərzaqların düzgün seçilməsi, hazırlanma ardıcıllığı, gigiyenik qaydalara riayət olunması və təqdimat üsulları barədə həm nəzəri, həm də praktiki biliklər əldə ediblər.
Bununla yanaşı, təlim zamanı qida təhlükəsizliyi mövzusuna xüsusi diqqət ayrılıb. İştirakçılara müxtəlif növ ərzaqların saxlanma şəraiti, temperatur rejimi, məhsulların yararlılıq müddətinin qorunması, çarpaz çirklənmənin qarşısının alınması, soyuducuda məhsulların düzgün yerləşdirilməsi və qida təhlükəsizliyi ilə bağlı vacib məlumatlar təqdim olunub. Bildirilib ki, ərzaqların düzgün saxlanılması həm insan sağlamlığının qorunması, həm də qida israfının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Təlim təlimçi Xatirə Xudadarova tərəfindən keçirilib. O, iştirakçıların suallarını ətraflı cavablandıraraq kulinariya sahəsində peşəkar bilik və təcrübəsini onlarla bölüşüb.
Layihənin rəhbəri Səbinə Kərimova çıxışında bildirib ki, layihə iştirakçılarının praktiki bacarıqlar qazanması və gələcəkdə bu biliklərdən peşə fəaliyyətində istifadə etməsi əsas hədəflərdəndir. O qeyd edib ki, layihə çərçivəsində keçirilən təlimlər əlilliyi olan şəxslərin özünüməşğulluq imkanlarının artırılmasına, onların əmək bazarında rəqabət qabiliyyətinin yüksəldilməsinə və cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir.
Təlim interaktiv müzakirələr və praktiki məşğələlərlə davam edib. İştirakçılar hazırlanan salatı özləri hazırlayaraq öyrəndikləri bilikləri praktikada tətbiq etmək imkanı qazanıblar və təlimdən böyük məmnunluq ifadə ediblər.

Qeyd edək ki, “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində növbəti günlərdə də müxtəlif kulinariya istiqamətləri üzrə praktiki təlimlərin keçirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarını inkişaf etdirməklə onların məşğulluq imkanlarını artırmaq və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
Günel GÜNTAC


