Orta Dəhliz gündəmdə: Azərbaycan və Aİ nəqliyyat əlaqələrini genişləndirmək istəyir

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti müzakirələr keçirilib. Noyabrın 26-da Bakıda təşkil olunan yüksək səviyyəli dialoqda regional bağlantılar, aviasiya, dəmir yolu və nəqliyyat infrastrukturunun inkişafı əsas mövzular olub.
Görüşdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Avropa Komissiyasının nümayəndəsi Maqda Kopçinska iştirak ediblər.
Tərəflər Orta Dəhlizin inkişafı, Bakı Limanı və Naxçıvan dəmir yolu ilə bağlı infrastruktur məsələlərini nəzərdən keçiriblər. Həmçinin Azərbaycanın Avropanın genişləndirilmiş TEN-T nəqliyyat şəbəkəsinə mümkün inteqrasiyası müzakirə olunub.
Avropa İttifaqı ilə Azərbaycan arasında ümumi aviasiya məkanı haqqında saziş üzrə danışıqların yekunlaşdırılması da gündəmdə olub.
Orta Dəhliz Asiya ilə Avropa arasında yükdaşımaların alternativ marşrutlarından biri kimi əhəmiyyət daşıyır. Bu istiqamətdə infrastrukturun inkişafı Azərbaycanın tranzit imkanlarını genişləndirə və ölkənin regional logistika mövqeyini gücləndirə bilər.
Hazırladı: Elazinfo.az




