ASAN xidmət qlobal nümunə kimi qiymətləndirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorkda səfərdədir. Səfər BMT-nin yüksək vəzifəli şəxslərinin və beynəlxalq qurumların dəvəti ilə “DİM 16” (Dayanıqlı İnkişaf Məqsədləri) üzrə konfransda iştirak məqsədi daşıyır.

ELAZ.İNFO xəbər verir ki, səfər çərçivəsində BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüş keçirilib. Görüşdə 2024-cü ildə Azərbaycan Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası ilə bağlı görülən işlər müzakirə edilib.

Azərbaycanın dəstəyi ilə “ASAN xidmət” təcrübəsi əsasında ən az inkişaf etmiş, dənizə çıxışı olmayan və kiçik ada dövlətləri üçün nəzərdə tutulan potensialın artırılması layihələri əsas müzakirə mövzularından biri olub.

BMT rəsmisi Li Junhua “ASAN xidmət”i nümunəvi idarəetmə modeli kimi qiymətləndirib və bu təcrübənin bir sıra dünya ölkələrində tətbiqini yüksək dəyərləndirib. O, dövlət xidmətləri sahəsində Azərbaycanla qurulan uğurlu tərəfdaşlığa görə ölkəmizə təşəkkür edərək, əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyini vurğulayıb.

Rusıan MƏMMƏDOV

Bizi izləyin və paylaşın