ABŞ ordusu NATO-nun Qüvvə Modelinə (NATO Force Model) etdiyi hərbi töhfələrin həcmini azaldacağını (mütənasibləşdirəcəyini) rəsmən müttəfiqlərinə bəyan edib. ABŞ-ın Avropa Komandanlığı (USEUCOM) tərəfindən verilən bəyanatda bu addımın Vaşinqtonun 2026-cı il Milli Müdafiə Strategiyasına və “NATO 3.0” vizyonuna uyğunlaşdırıldığı bildirilir.
ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın bu qərarı iyul ayında Ankarada keçiriləcək NATO Sammiti öncəsi müttəfiqlər üzərində hərbi yükü artırmaq məqsədi daşıyır. USEUCOM komandanı Aleksus Q. Qrinkeviç (Alexus G. Grynkewich) verdiyi bəyanatda mövcud vəziyyəti sərt tənqid edib: “NATO Qüvvə Modelində ABŞ qüvvələrindən qeyri-sağlam bir asılılıq yaranıb. Eyni vaxtda bir neçə bölgədə (teatrda) münaqişələrin baş vermə ehtimalı bu yanaşmanın dəyişdirilməsini tələb edir.”
ABŞ öz hərbi gücünün azalan yerini doldurmaq üçün Kanada və Avropa ölkələrindən yaxın gələcəkdə müdafiə xərclərini və hərbi töhfələrini artırmağı gözləyir. Vaşinqton müttəfiqlərindən xüsusilə bu sahələrdə addımlar gözləyir: İdarə olunan (pilotlu) və pilotsuz uçuş aparatlarının (PUA) təminatı. Regionda təhlükəsizliyi qorumaq üçün daha çox hərbi gəminin cəlb edilməsi. Avropanın öz müdafiə yükünü daha çox öz üzərinə götürməsi məsələsinin bu ilin iyulunda Türkiyənin Ankara şəhərində keçiriləcək növbəti NATO Sammitinin əsas müzakirə mövzusu olacağı gözlənilir.
Ruslan MƏMMƏDOV
