diplomatlar geri qayıdır

ABŞ Yaxın Şərqdə diplomatik fəaliyyətini genişləndirir – diplomatlar geri qayıdır

ELAZ.İNFO xəbər verir ki, ABŞ hökuməti İranla müharibə zamanı Yaxın Şərqin bir sıra ölkələrindən təxliyə edilən diplomatların mərhələli şəkildə geri qaytarılmasına hazırlaşır.

Məlumat ABŞ Dövlət Departamentinin daxili sənədinə istinadən yayılıb. Reuters-in yazdığına görə, Vaşinqton bölgədəki diplomatik nümayəndəliklərində fövqəladə təhlükəsizlik tədbirlərinin müəyyən hissəsini azaltmağı və diplomatik heyətin sayını artırmağı planlaşdırır.

Diplomatların geri göndərilməsi planının İsrail, Livan, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Oman, İraq və Küveytdəki ABŞ diplomatik missiyalarına aid olduğu bildirilir.

İlk mərhələdə bəzi diplomatların Livandakı ABŞ səfirliyinə qayıtması gözlənilir. İsrail, İordaniya və Omandakı diplomatik nümayəndəliklərin isə mərhələli şəkildə daha geniş heyətlə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Digər ölkələrdə isə ABŞ diplomatik missiyalarının əməkdaş sayının müəyyən məhdudiyyətlər çərçivəsində saxlanılması planlaşdırılır. Bu yanaşmanın əsas səbəbi regionda təhlükəsizlik vəziyyətinin hələ də diqqətlə qiymətləndirilməsi ilə əlaqələndirilir.

ABŞ Dövlət Departamenti isə diplomatik nümayəndəliklərdə təhlükəsizlik vəziyyətinin davamlı şəkildə nəzərdən keçirildiyini bildirib. Qurumun açıqlamasına görə, təhlükəsizlik qiymətləndirmələrinin nəticələrinə əsasən bəzi Yaxın Şərq missiyalarında personalın yerləşdirilməsi ilə bağlı dəyişikliklər edilir.

Diplomatların geri qayıtması ABŞ-ın regiondakı diplomatik fəaliyyətini əvvəlki səviyyəyə yaxınlaşdırmaq istiqamətində addım kimi qiymətləndirilir. Bununla belə, Vaşinqtonun təhlükəsizliklə bağlı yekun qərarları bölgədəki vəziyyətdən asılı olacaq.

Qeyd edək ki, diplomatların Yaxın Şərqdən təxliyəsi İranla ABŞ arasında hərbi qarşıdurmanın başlamasından əvvəl və münaqişə dövründə həyata keçirilmişdi.

Hazırda ABŞ tərəfi diplomatik missiyalarda normal fəaliyyətin mərhələli şəkildə bərpası imkanlarını nəzərdən keçirir.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın