ELAZ.İNFO xəbər verir ki, Laçın şəhərində Azərbaycan və Ermənistan nümayəndələri arasında elektrik enerjisi sahəsində əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunan işgüzar görüş keçirilib.
Görüşdə Azərbaycan tərəfdən Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistan tərəfdən isə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələri iştirak ediblər.
Tərəflərin əsas müzakirə mövzularından biri iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanları olub.
Görüş zamanı enerji sistemlərinin gələcəkdə əlaqələndirilməsi məsələsinə də diqqət yetirilib. Bunun üçün iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində hansı formada birləşdirilə biləcəyi ilə bağlı mümkün variantlar nəzərdən keçirilib.
Müzakirələr Azərbaycanın və Ermənistanın enerji sistemləri arasında texniki əlaqələrin yaradılması imkanlarının araşdırılması baxımından diqqət çəkir.
Görüşün Laçında keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ərazisində keçirilən bu təmas enerji sahəsində praktiki əməkdaşlıq məsələlərinin müzakirə edildiyini göstərir.
Hazırkı mərhələdə görüşlə bağlı açıqlanan məlumatlarda konkret elektrik enerjisi mübadiləsinin başlanması və ya hər hansı sazişin imzalanması barədə məlumat verilməyib. Tərəflər əsasən mümkün əməkdaşlıq istiqamətlərini və enerji infrastrukturlarının əlaqələndirilməsi variantlarını müzakirə ediblər.
Enerji sahəsində belə təmasların davam etdirilməsi gələcəkdə Azərbaycan və Ermənistan arasında elektrik enerjisi sistemlərinin qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi məsələsini gündəmə gətirə bilər.
Görüşlə bağlı növbəti mərhələdə hansı qərarların qəbul ediləcəyi və texniki müzakirələrin hansı nəticələrə gətirib çıxaracağı isə tərəflərin sonrakı açıqlamalarından asılı olacaq.
İlahə BAYINDIR


