ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Uzaq Şərqində yerləşən Amur vilayətində tikintisi davam edən qaz-kimya kompleksində ciddi yanğın hadisəsi baş verib.
Hadisə nəticəsində bir nəfər həyatını itirib, 120-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, yanğın Amur qaz-kimya kompleksinin tikinti sahəsində qeydə alınıb. Hadisə zamanı müəssisənin istismara hazırlıq mərhələsində olan avadanlıqlarından birində yanğın başlayıb.
Son açıqlanan məlumatlara əsasən, ümumilikdə 123 nəfər xəsarət alıb. Onlardan ən azı 19 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir. Digər şəxslərə isə hadisə yerində tibbi yardım göstərilib.
Yanğın zamanı ölən şəxsin Çin vətəndaşı olduğu açıqlanıb. Onun kompleksin tikintisində podratçı şirkətlərdən birinin əməkdaşı olduğu bildirilir.
Hadisədən sonra ərazidə yanğının söndürülməsi və təhlükəli texniki qazların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilib. Məlumata görə, mütəxəssislər ərazidə qalan qazların nəzarətli şəkildə yandırılması üsulundan istifadə edirlər.
Rusiya tərəfinin məlumatına əsasən, yanğının əsas istehsal avadanlığına ciddi zərər vurmadığı bildirilir. Alovun yayılmasının qarşısının alındığı və vəziyyətin nəzarətə götürüldüyü açıqlanıb.
Hadisə ilə bağlı Rusiyada cinayət işi də başlanıb. Araşdırmanın istehsalat təhlükəsizliyi qaydalarının pozulması ehtimalı üzrə aparıldığı bildirilir.
Amur qaz-kimya kompleksi Rusiya şirkəti “Sibur” və Çinin “Sinopec” şirkətinin birgə layihəsidir. Müəssisənin gələcəkdə iri həcmdə polietilen və polipropilen istehsal etməsi planlaşdırılır.
Qeyd edək ki, alınan məlumatlara görə hadisənin dəqiq səbəblərinin araşdırma başa çatdıqdan sonra müəyyənləşdiriləcəyi gözlənilir.


İlahə BAYINDIR


