Sərhədsiz Həkimlər (MSF) təşkilatı Cənubi Sudanın Leyks (Lakes) ştatının Averial (Awerial) qəzasında Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müxtəlif xəstəliklərə qarşı dövrü həyata keçirilən Peyvəndləmə Kampaniyasının (PIRI) ikinci mərhələsini uğurla başa çatdırıb.
ELAZ.İNFO xəbər verir ki, bu layihə vasitəsilə həyati vacib peyvəndlər uşaqlar üçün daha əlçatan olunub. Kampaniya iki mərhələdə təşkil edilib: ilk mərhələ 4–16 iyun 2026-cı il, ikinci mərhələ isə 20–30 iyul 2026-cı il tarixlərində baş tutub. Təşəbbüs planlı peyvəndləri buraxmış və ya heç vaxt peyvənd olunmamış 5 yaşədək (0-59 ay) uşaqları əhatə edib.
Averial qəzasının bir çox bölgələrində ailələr peyvəndlərin mütəmadi olaraq təmin edildiyi tibb müəssisələrindən çox uzaqda yaşayırlar. Piyada qət edilən uzun məsafələr, nəqliyyat xərcləri, mövsümi daşqınlar və məhdud infrastruktur anaların uşaqlarını vaxtında peyvənd etdirmələrinə mane olan başlıca amillər sırasındadır. Bu maneələri aradan qaldırmaq məqsədilə MSF və Səhiyyə Nazirliyinin peyvəndləmə komandaları Puluk Payam icmaları üzrə əhalinin yaşadığı yerlərə yaxın müvəqqəti peyvənd məntəqələri yaradıblar.
Hər iki mərhələ ərzində 9 məntəqədə ümumilikdə 9,377 uşaq peyvənd olunub. Bu vaksinlər uşaqları difteriya, tetanus, göyöskürək və b tipli Hemofulis influenza (Hib) infeksiyalarından qoruyur. İkinci mərhələ həm uşaqların peyvənd cədvəlini davam etdirməsinə, həm də əvvəllər heç vaxt vaksin olunmamış yeni uşaqlara çatmağa imkan verib.
Bu planlı peyvəndləmə kampaniyası Səhiyyə Nazirliyinin obyektlərində göstərilən rutin peyvənd xidmətlərini tamamlayıb və uzaq icmalarda yaşayan uşaqların distant məsafə və ya digər maneələr səbəbindən tibbi xidmətlərdən kənarda qalmamasını təmin edib. Peyvəndləmə uşaqları ciddi və həyati təhlükə yaradan, profilaktikası mümkün olan xəstəliklərdən qorumağın, habelə icmalar arasında xəstəlik alovlanmalarının qarşısını almağın ən səmərəli yollarından biri olaraq qalır.
Ruslan MƏMMƏDOV


