Britaniya belə sadə oyun oynamır

Britaniya belə sadə oyun oynamır: Onun üçün Ukrayna ekzistensial aktivdir

ELAZ.İNFO xəbər verir ki, 29 iyun səhəri USQ-nin keçmiş baş komandanı, hazırda Ukraynanın Britaniyada səfiri olan Valeri Zalujnı Kiyevə çağırıldı. Rəsmi səbəb kimi Britaniyanın baş naziri Kir Starmerin istefası göstərilsə də, əsl səbəb payıza planlaşdırılan Ukrayna prezident seçkiləri idi.

Məsələ burasındadır ki, Zalujnı prezidentliyə namizədliyini vermək istəyir. Hətta hakimiyyətdən asılı (Ukraynada başqası yoxdur) sosioloji şirkətlərinin rəy sorğlarında da Zalujnının etimad reytinqi Zelenskidən yüksəkdir və onlar arasındakı fərq artmaqda davam edir. Bu Prezident ofisini (PO) narahat edir. Son 3 ildə müharibədən sonra prezidentin dəyişdirilməsini tələb edən əhalinin sayı 67%-ə çatıb.

Zalujnı əleyhinə bir ildən çox aparılan qaralama kampaniyası onun reytinqinin azalmasına səbəb olmadı. Buna görə də onu Kiyevə çağırıb, seçkidə namizədliyini irəli sürməmək üçün dilə tutmağa başladılar.

“Ukrainskaya Pravda” qəzetinin məlumatına görə, PO-da ondan “Payızda seçkilər olarsa, prezidentliyə namizədliyinizi verəcəksinizmi?” soruşublar. Zalujnı da “Bəli” deyib. PO-da (Zelenski, Rustem Umerov və David Araxamiya) bunun cəmiyyətdə parçalanma yaradacağı, Ukrayna üçün pis nəticələnəcəyi barədə arqumentlərlə Zalujnını fikrindən döndərə bilməyiblər.

Sonda deyiblər ki, “Qardaş, sən yenə düşün”. Lakin Zalujnı artıq qərar qəbul edib. Yazırlar ki, Zelenski namizədliyini götürmək əvəzində Zalujnıya baş nazir kreslosunu təklif etmək istəyirdi, lakin Zalujnının israrını görəndən sonra təklif olunmayıb. Beləliklə, sövdələşmə baş tutmayıb.

Bəs Zalujnıya bu cəsarəti kim verir, yəni onun arxasında kim dayanır? Zelenski layihəsi kimi Zalujnı layihəsinin də kuratoru Britaniyadır. Bu layihəyə menecerlik Britaniyanın xüsusi xidmətləri ilə birlikdə “Molfar” şirkətinə tapşırılıb. “Molfar”ın vəzifəsi Zalujnının PR-nı təşkil etmək və rəqiblərinə qarşı kompromat toplamaqdır.

Prezident seçkisinin favoritinə pullar özü gəlir – oliqarxlar özləri ona yaxın olmaq istəyirlər. Ukraynanın ən iri oliqarxlarından biri Rinat Axmetov “The Guardian” qəzetinə müsahibəsində Zalujnının “1991-ci il sərhədlərinədək müharibəni davam etdirmək” şüarını təkrarlamışdı – bu həm də Britaniyanın arzusu və məqsədidir. Pinçuk, Kolomoyski və başqa iri oyunçular da növbəyə dayanıblar və Zalujnıya “çıxış” axtarırlar. Sponsorlar arasında Vadim Yermolayev də var idi (onun haqqında sonra).

Petr Proşenko da bu oyunda çoxdan iştirak edir. Baş komandanlıqdan çıxarıldıqdan sonra səfir təyin edilənədək Poroşenko Zalujnını öz partiyasına daxil etmək və onun reytinqi sayəsində yenidən hakimiyyətə gəlmək istəyirdi. Hər bəhanə ilə Zalujnı ilə çox yaxın münasibətdə olduğunu nümayiş etdirirdi. Lakin Zalujnı heç bir partiyaya qoşulmaq istəmədi. Hazırda Poroşenko yenidən fəallaşıb. Onun komandası biznesmen Vadim Stolarla “Dövlətin müdafiəsi” ictimai təşkilatının bazasında Zalujnı üçün partiya infrastrukturu yaratmağa çalışır, onun regionlarda strukturlarını yaradırlar.

Poroşenkonun keçən ilki sxemi dəyişməyib: o, lazımı pulu və medianı verir, Zalujnının qalib gəlməsini təşkil edir, əvəzində isə Zalujnı onu baş nazir təyin edir. Onun fikrinə görə, dövlət idarəçiliyində naşı olan Zalujnı zamanında real hakimiyyət baş nazirdə, yəni onda olacaq – bunun üçün isə onun həm yetəri qədər təcrübəsi, həm də kadrları var. Faktiki olaraq, Zalujnı “toy generalı” statusunda olacaq. Zalujnı 2023-cü ildə bu sxemi qəbul etməmişdi, bu il də qəbul etməsi barədə hələlik təsdiqedici heç bir məlumat yoxdur.

Amma Britaniya belə sadə oyun oynamır. Onun üçün Ukrayna çox vacib, bəlkə də ekzistensial aktivdir. Bu oyunda ABŞ da var. ABŞ və ya hər hansı başqa oyunçu Zalujnının seçilməsinə mane ola bilər. Onda Britaniyanın bütün planları alt-üst ola bilər. Buna görə də Britaniya alternativ namizədi də “qanadları altına” alıb. Həmin namizəd Aleksandr Usikdir – ağır çəki dərəcəsində çıxış edən və boks tarixinin ən böyük simalarından biri hesab olunan məğlubedilməz ukraynalı peşəkar boksçu. Peşəkar rinqdə keçirdiyi 25 döyüşün hamısında qələbə qazanıb (16-sı nokautla) və heç bir məğlubiyyəti yoxdur. 2 çəki dərəcəsində mütləq çempion olub: əvvəl birinci ağır çəkidə bütün kəmərləri toplayıb. Sonra ağır çəkiyə keçib və Entoni Coşua, Tayson Füri kimi nəhəngləri məğlub edərək, bu çəki dərəcəsində də mütləq çempion olub.

Bu ilin martında Usik bəyan etdi ki, prezidentdən aşağı vəzifəyə getməyəcək. 12 iyunda Tramp Oval ofisdə Usiklə görüşdü (?). Görüşün məqsədi barədə mətbuata açıqlama verilmədi. Maraqlıdır ki, bu görüşdən sonra Usik Pentaqonu ziyarət etdi (?).

Qərb, xüsusən də ABŞ Zelenskini dəyişmək istəyir. Onun korrupsiya əməllərini artıq dəbbələmək olmur (“Mindiçqeyt”, Ermakın işi, Avropaya nağd pul tranziti və s.). KMİS-in rəy sorğusuna əsasən, ukraynalıların 59%-i korrupsiyaya görə Zelenskini günahlandırır olşa ilə qalmaqal da bir tərəfdən. Zelenski çoxunu bezdirib. Qərb bütün uğursuzluqlarını da onun adına yaza bilər.

Qərb nə qədər gec deyil, Ukrayna müharibəsini dayandırmaq istəyir. Lakin başa düşür ki, Putin heç vaxt Zelenski ilə bir masa arxasına oturmayacaq. Yeni adam “seçilməlidir”. Buna görə də Zelenski dəridən-qabıqdan çıxır ki, Putinlə görüşsün, çünki bu görüş ona legitimlik verərdi, onun vəzifədən çıxarılmasına zərurət qalmazdı.

Zelenski son imkanına qədər dirənəcək. O, seçki keçirmək istəmir, lakin onu məcbur edə bilərlər – buna hazır olmalıdır, çünki onun prezidentlik müddəti 20 may 2024-cü ildə bitib. Artıq ölkə daxilindəki potensial namizədləri neytrallaşdırıb: deputatlar Poroşenko sanksiya altındadır, Yuliya Timoşenko və Anna Skoroxoda cinayət işləri açılıb, Araxamiya namizədliyini verməyəcəyinə əmin edib, Kiril Budanovu OP-nin rəhbəri təyin edib.

Zalujnı hərbçi generaldır, Rusiya ilə müharibədə xüsusi xidmətləri var. O, şərti olaraq “müharibə partiyası”nı təmsil edir. Usik Krımda doğulub, rusdilli və pravoslavdır. Vaşinqton üçün kompromis variant ola bilər. O da şərti olaraq “sülh partiyası”nı təmsil edir. Hər ikisinə xalq sevgisi var. Vaşinqtonun hansını dəstəkləməsi vacib deyil – istənilən ssenaridə Britaniyanın adamı olacaq…

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın