Ölkəmizdə aqrar sahənin səmərəliliyinin artırılması, regionlarda sahibkarlığın inkişafı və innovativ texnologiyaların istehsala tətbiqi istiqamətində struktur islahatları uğurla davam etdirilir. Kənd təsərrüfatı məhsullarının ixrac potensialının yüksəldilməsi və məhsul itkisinin minimuma endirilməsi bu prosesin əsas hədəflərindəndir.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən islahatlar Masallı rayonunda da öz müsbət bəhrələrini verməkdədir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonda kənd təsərrüfatının mövcud vəziyyəti və sahibkarlara yaradılan şəraitlə tanış olmaq məqsədilə Masallı şəhəri ərazisində fəaliyyət göstərən Seyran Muradova məxsus çiyələk təsərrüfatına işgüzar baxış keçirib. Baxış zamanı tarladan toplanan giləmeyvələrin keyfiyyətli saxlanılması və tədarükü üçün yeni quraşdırılmış müasir mobil soyuducu konteyner kompleksinə nəzər salınıb.
Təsərrüfat rəhbəri Seyran Muradov Masallı Rayon İcra Hakimiyyətinin başçısına məlumat verərək bildirib ki, dövlətin yaratdığı əlverişli biznes mühiti və dəstək sayəsində təsərrüfat uğurla genişləndirilib. Yeni quraşdırılan yüksək izolyasiyalı mobil soyuducu kompleks çiyələyin dərhal şoklanmasına, qorunmasına və ixrac potensialının artırılmasına geniş imkanlar yaradır.
Müasir kompleksin iş prinsipləri ilə yaxından tanış olan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov innovativ texnologiyaların tətbiqinin əhəmiyyətini xüsusi qeyd edib. Rayon rəhbəri bildirib ki, bu cür soyuducu anbarlar məhsul itkisinin qarşısını alır, yerli çiyələyin rəqabət qabiliyyətini yüksəldir, həmçinin rayonda əhalinin məşğulluğunun təmin edilməsinə və yeni iş yerlərinin yaradılmasına birbaşa xidmət edir.
Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı fermerin gələcək planları ilə maraqlanıb, belə bir müasir kompleksin ərsəyə gəlməsi münasibətilə sahibkarı təbrik edərək işlərində uğurlar arzulayıb.
Ruslan MƏMMƏDOV
