İran Xarici İşlər Nazirliyi Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında imzalanan yeni təhlükəsizlik paktının Tehrana qarşı yönəlmədiyini və bu addımın regional təhlükəsizlik baxımından narahatlıq doğurmadığını bildirib.
ELAZ.İNFO xəbər verir ki, İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında yeni hərbi işbirliyini şərh edib. Bəqayi qeyd edib ki, bu pakt region ölkələrinin təhlükəsizlik yanaşmasında ciddi dəyişikliyin göstəricisidir. Onun sözlərinə görə, regional dövlətlər artıq xarici güclərə deyil, daha çox öz imkanlarına və yerli potensiallarına güvənməyə başlayıblar.
İran XİN rəsmisi təhlükəsizlik paktı ilə bağlı mövqeyini belə tamamlayıb: “Regionun geosiyasi və tarixi reallıqlarına əsaslanan, hərtərəfli və əhatəli olan, eləcə də düşməni və təhdidi düzgün müəyyənləşdirən hər bir plan təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edə bilər.”
“Bu cür yanaşma sabitliyin pozulmasının, həmçinin sionist düşmən (İsrail) və onun müttəfiqləri tərəfindən baş verə biləcək sui-istifadələrin qarşısının alınmasında mühüm rol oynamaq şansına malikdir.” Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif arasında üçtərəfli birgə müdafiə sazişi imzalanıb.
Ruslan MƏMMƏDOV


