Qlobal miqyasda İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında siyasi-iqtisadi dialoqun inkişaf etdirilməsi və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətlərində növbəti mühüm addım atılıb. Azərbaycanın beynəlxalq müstəvidə nümayiş etdirdiyi açıq inkişaf modeli və birləşdirici missiyası ölkəmizin diplomatik mərkəz statusunu daha da möhkəmləndirir.
ELAZ.İNFO xəbər verir ki, Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasının keçirilməsi Azərbaycanın İslam dünyasında artan nüfuzunun və ölkəmizə göstərilən yüksək etimadın bariz göstəricisidir. 40-dan çox ölkədən nümayəndələrin qatıldığı bu mühüm tədbir təkcə parlamentlərarası tərəfdaşlıq baxımından deyil, həm də İslam coğrafiyasında birliyin, qarşılıqlı dəstəyin və ortaq mövqenin gücləndirilməsi müstəvisində böyük əhəmiyyət daşıyır.
Bu gün İƏT yalnız dini və mədəni dəyərləri birləşdirən qurum olmaqla məhdudlaşmır, həm də müsəlman ölkələrinin siyasi dialoq apardığı, beynəlxalq məsələlərdə ortaq mövqe nümayiş etdirdiyi strateji platformadır. Xüsusilə Yaxın Şərqdə yaşanan gərginliklər və humanitar böhranlar təşkilatın rolu və vəzifələrini daha da artırır. Belə bir şəraitdə əsas hədəf İslam dünyasında parçalanmanın qarşısını almaq və birliyi təmin etməkdir.
Azərbaycan İƏT məkanında fəal və təşəbbüskar dövlət kimi çıxış edir. Ölkəmiz uzun illər ərzində İslam həmrəyliyinin möhkəmləndirilməsi, mədəni irsin qorunması və humanitar layihələrin inkişafına mühüm töhfələr verib. Öz növbəsində, İƏT də Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, keçmiş işğal dövründə ölkəmizin haqlı mövqeyini qətiyyətlə müdafiə edib.
Hazırda Azərbaycan ilə İƏT arasında tərəfdaşlıq energetika, nəqliyyat, təhsil, gənclər siyasəti və işğaldan azad olunmuş ərazilərin bərpası kimi bir çox sahələri əhatə edir. Bakı sessiyası bir daha sübut edir ki, Azərbaycan İslam dünyasında etibarlı tərəfdaş və mühüm bir diplomatik mərkəz kimi qəbul olunur.
Ruslan MƏMMƏDOV
