İşimiz-gücümüz tökülüb qaldı e…

Belə də olur….

Neçə gündür kimə baxırsan, kənd təsərrüfatından danışır. Ay bağ belə, bostan elə; ay inkişaf belə gəldi, məhsuldarlıq elə getdi… Şəhərdən kənara çıxmayan məmurların bu sicilləmələrini oxuyanda yadıma bir lətifə düşdü. Dedim yazım, oxuyun, gülün, düşünün…

…Sovet vaxtı Bakıdan bir partiya işçisi kolxoza gəlir. Ütülü-mütülü kostyumda, ağ köynəkdə-qalstukda olan, ətirlənib-bəzənən bu şəhərli məmur kolxozçuları yığıb onlara əkinçiliyi və heyvandarlığı inkişaf etdirmək yollarından danışır. Uzun-uzadı üyüdüb-tökəndən sonra üzünü hövsələsi daralmış kəndlilərə tutub kimin sözünün, sualının olduğunu soruşur.

Bayaqdan çomağına söykənib bu kənddən bixəbər şəhərli balasına qulaq asan yaşlı çoban əlini qaldırır: – A qamsamol, sənə bir sualım var:

-İnək də ot yeyir, qoyun da, at da. Bəs onların peyini niyə bir-birindən fərqli olur?

Şəhərli məmur gözünü döyüb “bilmirəm” deyəndə çoban qızır:

– A bala, üç heyvanın peyinini ayırd eləyə bilmirsən, amma bayaqdan bizə maldarlıq öyrədirsən. Baş-beynimizi də, vaxtımızı da apardın, işimiz-gücümüz tökülüb qaldı e…

Famil CƏFƏRLİ

Bizi izləyin və paylaşın