ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) Salyan rayon təşkilatının sədri Ruslan Məmmədov hazırda İranda cərəyan edən proseslərin 1990-cı ilin 20 Yanvar hadisələri ilə müqayisə edilməsinə münasibət bildirib. O, bəzi dairələrdə yaranan yanlış təsəvvürlərə aydınlıq gətirərək, rəsmi dövlət kursuna və beynəlxalq hüquq normalarına diqqət çəkib.
”36 illik fərq sadəcə təsadüfdür”
Son günlər sosial şəbəkələrdə və bəzi media resurslarında İrandakı etirazların 1990-cı ilin 20 Yanvar hadisələrindən tam 36 il sonra baş verməsi ilə bağlı müxtəlif simvolik yozumlar irəli sürülür. Mövzu ilə bağlı danışan Ruslan Məmmədov bu yanaşmanı qeyri-ciddi hesab etdiyini bildirib:

”Bəzən belə bir təsəvvür yaradılır ki, İranda baş verən hazırkı hadisələr 1990-cı ilin 20 Yanvar hadisələri ilə birbaşa əlaqəlidir. Hesab edirəm ki, 36 illik zaman kəsiyinin heç bir tarixi mənbəyi və siyasi əsası yoxdur. Ayların üst-üstə düşməsi sadəcə bir təsadüfdür. Biz emosiyalara və ya rəqəmlərin mistikasına deyil, real siyasi mənzərəyə baxmalıyıq.”
”Azərbaycanın prinsipi “Daxili işlərə müdaxilə etməmək”
Ruslan Məmmədov vurğulayıb ki, Azərbaycan dövlətinin xarici siyasəti şəffafdır və beynəlxalq hüquqa söykənir.
Onun sözlərinə görə, bu hadisələrin təsadüf olduğunu düşünmək üçün kifayət qədər əsaslar var:
”Cənab Prezidentimizin yürütdüyü siyasət bəllidir: Azərbaycan heç bir ölkənin daxili məsələlərinə müdaxilə etmir. Dövlətimiz hər zaman sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və zorakılığa qarşı olmaq prinsiplərindən çıxış edir. Bu sabit mövqe bizim ən böyük gücümüzdür.”
Bununla belə, MCP rəsmisi milli maraqların hər zaman diqqət mərkəzində olduğunu da qeyd edib. O bildirib ki, dövlətimiz qonşu ölkədəki soydaşlarımızın taleyinə biganə deyil:
”Təbii ki, ordakı soydaşlarımızın fundamental haqları pozularsa, buna susa bilmərik. Lakin hər hansı dəqiq fikir söyləmək üçün rəsmi açıqlama və dövlət bəyanatı mütləqdir. Rəsmi mövqe olmadan verilən hər hansı radikal hökm yanlış addımdır və regiondakı həssas balansa zərər verə bilər.”
İlahə BAYANDIR