82 yaşlı rok əfsanəsi ulu baba oldu

ELAZ.İNFO xəbər verir ki, dünyaca məşhur britaniyalı rok qrupu “The Rolling Stones”un 82 yaşlı gitaristi Kit Riçards ulu baba (böyük baba) olub. Bu barədə “The Daily Mail” qəzeti məlumat yayıb.

Rok əfsanəsinin 30 yaşlı nəvəsi, model Ella Riçards Luna adlı qız övladının dünyaya gəlməsini elan edib. Qeyd edək ki, Ella Riçards musiqiçinin oğlu Marlon Riçardsın qızıdır. Ümumilikdə Kit Riçardsın beş övladı və səkkiz nəvəsi var. Qrupun digər üzvü, 82 yaşlı solist Mik Caqqer isə hələ 2014-cü ildə, 70 yaşında olarkən ulu baba statusunu qazanmışdı. Hazırda Caqqerin 8 övladı, 6 nəvəsi və 3 nəticəsi var. “The Rolling Stones” rok musiqisi tarixinin ən uğurlu kollektivlərindən biri hesab olunur. Yarım əsrdən çox davam edən karyeraları ərzində musiqiçilər dünya üzrə 250 milyondan çox nüsxə ilə satılan 50-yə yaxın studiya və konsert albomu buraxıblar. Hazırda qrupun heyətində Mik Caqqer, Kit Riçards və 78 yaşlı Ronni Vud çıxışlarını davam etdirirlər. Qrupun əvəzolunmaz təbilçisi Çarli Uotts isə 2021-ci ildə 80 yaşında vəfat edib.

Xatırladaq ki, qrup yaxın günlərdə özünün 25-ci studiya albomunu təqdim etməyə hazırlaşır. “Foreign Tongues” adlanan bu albom iyulun 10-da — musiqiçilər rok qrupunun əsasının qoyulmasının 64-cü ildönümünü qeyd edən gün dinləyicilərə təqdim olunacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın