60-dan Çox Ölü, Onlarla Yaralı Var

Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudandakı Missiyası (UNMISS) Varrab ştatının Şimali Tonj bölgəsində silahlı qruplaşmalar tərəfindən dinc sakinlərə qarşı törədilən ölümcül hücumları kəskin şəkildə pisləyib.

ELAZ.İNFO xəbər verir ki, BMT missiyasının bəyanatına əsasən, bazar günü baş verən hücumlar nəticəsində 60-dan çox mülki şəxs həyatını itirib, 50-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ərazidə kütləvi köçkünlük dalğası yaranıb. Məlumata görə, Alabek və Akook ərazilərinə eyni vaxtda edilən basqınlar zamanı mülki əmlak dağıdılıb və qarət olunub, həmçinin çoxlu sayda iriboyuzlu mal-qara oğurlanıb.

UNMISS bölgədə təhlükəsizlik vəziyyətini qiymətləndirmək, insan hüquqlarının pozulması hallarını araşdırmaq və birbaşa icmalarla təmaslar vasitəsilə növbəti toqquşmaların qarşısını almaq məqsədilə fəlakət zonasına uzunmüddətli sülhməramlı patrul xidməti göndərir. BMT Missiyası gərginliyi azaltmaq üçün bütün səviyyələrdə olan rəsmi şəxslərlə intensiv danışıqlar aparır, Cənubi Sudan Hökumətini ərazidə təhlükəsizliyi gücləndirməyə və bu qanlı cinayətləri törədənləri məsuliyyətə cəlb etməyə çağırır.

Hazırladı: Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın