20 İl Əvvəlki Rusiyadan Əsər-Əlamət Qalmayıb, Sanksiyalar Və Yanlış Xarici Siyasət Ölkəni Çökdürüb”


Məqsədsiz hərbi ambisiyalar, ağır beynəlxalq sanksiyalar və izolyasiya siyasəti nəticəsində bir vaxtlar zəngin resursları və iddialı imici ilə tanınan Rusiyada dərin siyasi-iqtisadi böhran hökm sürür. Kreml rəhbərliyinin yürütdüyü siyasi kursun ağır yükünü indi sıravi Rusiya vətəndaşları sosial və səhiyyə kollapsı şəklində çəkir.
ELAZ.İNFO xəbər verir ki, vaxtilə uzun illər Rusiyada yaşamış, işləmiş və bu ölkəyə müntəzəm səfərlər etmiş Ruslan Məmmədov sentyabrın 1-dən etibarən Samara və Moskva şəhərlərinə etdiyi son səfərlər zamanı şahidi olduğu dəhşətli siyasi, sosial və səhiyyə mənzərəsini portalımızla bölüşüb.
Müsahibimizin müşahidələri Rusiya şəhərlərində xidmət, ticarət və səhiyyə sektorunun tamamilə iflic olduğunu aydın şəkildə nümayiş etdirir.
Ruslan Məmmədovun bildirdiyinə görə, 20 il bundan qabaq Rusiya necə görünürdüsə, dəqiq o cür də qalıb; ölkədə heç bir inkişaf, yeni tikili və ya müasirləşmə yoxdur. Şəhərlərin ab-havasını gözəlləşdirmək üçün nə işıqlandırma işləri aparılıb, nə uca binalar, nə əyləncə mərkəzləri, nə də idman kompleksləri tikilib. Yollar necə bərbad idisə, elə də qalıb. Bir sözlə, Rusiya irəli getmək əvəzinə daha da geriyə düşüb.
Sanksiyaların və kənar təcridin gətirdiyi ən ağır fəsadlardan biri apteklərdə özünü göstərir. Apteklər demək olar ki, bomboşdur, rəflərdə yalnız cüzi, ən sadə yerli preparatlar qalıb. Hətta adi ağrıkəsicilər, başağrısı dərmanları və həyati əhəmiyyətli xarici preparatlar kəskin defisitə çevrilib, tapılması imkansızlaşıb.
Əvvəllər yalnız 20–22 yaşınadək seçilmiş rus gənclərinin buraxıldığı, 500 nəfərdən artıq tutumu olan və canlı musiqisi 24 saat eyniadlı “Zvezda” radiosunda yayımlanan məşhur rəqs klubunda bu gün acınacaqlı vəziyyət hökm sürür. Mühafizənin azərbaycanlı, özbək, tacik, erməni və dırnaqarası “qeyri-rus” simalı vətəndaşları qapıdan geri qaytardığı həmin dəbdəbəli mekanda indi cəmi 20–25 nəfər nəzərə çarpır.
Müsahibimiz Ruslan Məmmədovun gördüyünə görə, gənclərdən əsər-əlamət yoxdur – gələnlərin demək olar ki, hamısı 35–40 yaşdan yuxarı olan yaşlı nəsildir.
Sərvəti və enerji resursları ilə dünyaya hədə-qorxu gələn nəhəng bir ölkədə daxili bazarda kəskin yanacaq defisiti yaranıb. Sürücülər limitlə satılan cüzi miqdarda benzini ala bilmək üçün səhər tezdən – saat 04:00-da növbəyə durmaq məcburiyyətində qalırlar.
Əvvəllər gənclərin əyləndiyi, yeyib-içdiyi restoranlar indi bomboşdur. İnsanlar məcburiyyətdən yalnız kiçik, yüngül korporativlər və ya çox az miqdarda şənliklər təşkil edə bilirlər. Əvvəllər 20 xidmətçinin çalışdığı böyük restoranlar indi personal qarışıq cəmi 4–5 işçi ilə fəaliyyət göstərməyə çalışır.
Samara şəhərindəki tənəzzüldən sonra Moskvaya səfər edən Ruslan Məmmədov paytaxtda da eyni acınacaqlı vəziyyətlə qarşılaşdığını bildirib. Küçələrdə insanların üzündə təbəssümdən əsər-əlamət yoxdur, təmiz gənc rus nəslinə rast gəlmək demək olar ki, imkansızlaşıb.
Bəzi dairələrin müharibəyə görə gənclərin Rusiyadan qaçması və ya gizlənməsi barədə iddialarına da münasibət bildirilib.
Ruslan Məmmədovun vurğuladığına görə, Rusiyaya gedənə qədər bir neçə ölkənin sərhədindən keçsə də, gənclərin kütləvi şəkildə ölkədən qaçmasının şahidi olmayıb. Müharibəyə görə gənclərin qaçması haqqında deyilənlər yalan sözdür; sadəcə olaraq iqtisadi böhran və yaşayış şəraitinin zəifləməsi insanları başqa alternativlər axtarmağa məcbur edir.
Bütün iqtisadi göstəricilər üzrə Rusiya demək olar ki, “yox” vəziyyətindədir. Ticarət obyektlərinin qapısına ucuz qiymətə “İcarəyə verilir” elanları vurulsa da, mülkləri götürən yoxdur. Əhalinin alıcılıq qabiliyyəti sıfıra enib; əvvəllər bir dəfəyə 5000 rublluq ticarət edənlər indi gün ərzində yalnız 200–300 rubl civarında çörək və ən zəruri qidaları almaqla kifayətlənirlər.
Müsahibimiz Ruslan Məmmədov vurğulayıb ki, yanlış xarici siyasət və hərbi avantüratizm nəticəsində bir vaxtlar texnikası, hərbi gücü və tükənməz resursları gözümüzdə böyüdülən nəhəng Rusiya imperiyasından indi demək olar ki, heç nə qalmayıb; ölkə sürətlə görünməmiş siyasi, iqtisadi və sosial fəlakətə doğru sürüklənir.
Ruslan MƏMMƏDOV





