Bakıda Kanat Yolu İlə Sərnişintaşıma Təşkil Ediləcək


– Yeni Layihə “Bakı Metropoliteni”nə Tapşırıldı
Bakı şəhərində ictimai nəqliyyat sisteminin genişləndirilməsi və innovativ həllərin tətbiqi çərçivəsində kanat yolu ilə sərnişintaşıma xidmətinin təşkili planlaşdırılır.
ELAZ.İNFO xəbər verir ki, Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən qurulması haqqında fərmana mühüm dəyişikliklər edib.
Səlahiyyətlər “Bakı Metropoliteni”nə Tapşırıldı: Sənədə əsasən, “Bakı Metropoliteni” QSC kanat yollarında sərnişintaşıma xidmətlərinin göstərilməsini, gediş-gəliş və gediş haqqı ödənişləri üçün innovativ və rəqəmsal həllərin tətbiqini, habelə müvafiq infrastrukturun layihələndirilməsini, tikintisini, mərkəzləşdirilmiş idarə olunmasını və koordinasiyasını təmin edəcək.
Ekspert Anar Abbasov bildirib ki, Azərbaycanda kanat yollarının istismarı üzrə artıq böyük təcrübə var və Bakıda planlaşdırılan layihə bir çox üstünlüklərə malik olacaq. Onun sözlərinə görə, kanat yolunda gediş haqqı digər ictimai nəqliyyat tariflərindən kəskin fərqlənməməlidir.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, kanat yolları ilə sərnişintaşıma üzrə göstəriləcək xidmətlər haqqında ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Ruslan MƏMMƏDOV





