Xalq Artisti Nurəddin Mehdixanlının 70 İllik Yubileyi Təntənə İlə Qeyd Olunub


Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü və “Şöhrət” ordenli Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunmuş “Səhnədə ömür, sənətdə əbədilik” adlı təntənəli yubiley gecəsi keçirilib.
ELAZ.INFO xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət rəsmiləri, tanınmış mədəniyyət və xadim nümayəndələri, eləcə də geniş sənətsevər kütləsi iştirak edib.Yubiley gecəsində Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Mədəniyyət Nazirliyinin yubilyara ünvanladığı rəsmi təbrik məktubu oxunub. Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli və Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxış edərək Nurəddin Mehdixanlının Azərbaycan teatr və kino incəsənətindəki misilsiz xidmətlərindən, yaratdığı unudulmaz obrazlardan, sənətə sədaqətindən və alovlu vətənpərvərliyindən bəhs ediblər.
🎶 Musiqili Təbriklər Və Beynəlxalq Videotəbrik Sürprizləri
Tədbirin bədii hissəsində Xalq artistləri Mələkxanım Əyyubova, Samir Cəfərov və Nazpəri Dostəliyeva öz musiqi nömrələri ilə görkəmli sənətkarı təbrik ediblər.
Yubiley gecəsində, həmçinin xarici ölkələrdən gələn təbriklər təqdim olunub. Gürcüstanın tanınmış teatr rejissoru Robert Sturua, Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvaralidze, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru Tamer Qaradağlı və Ejen İonesko adına Moldova Milli Teatrının bədii rəhbəri Petru Vutkereunun videotəbrikləri nümayiş etdirilib. Özbəkistan Milli Akademik Dram Teatrının direktoru Yodqar Saqdiyevin isə təbrik məktubu oxunub.
🎭 Səhnədən Və Ekrandan Unudulmaz Fraqmentlər
Geçənin davamında Xalq artistinin baş rolda çıxış etdiyi “Aydın”, “Solğun çiçəklər”, “Özümüzü kəsən qılınc”, “Hələ sevirəm deməmişdilər”, “Pəncərədə işıq”, “Xurşidbanu Natəvan” və “Kral Lirin faciəsi” tamaşalarından məşhur dialoqlar, eləcə də onun baş rolu canlandırdığı “Cavad xan” bədii filmindən təsirli fraqmentlər tamaşaçılara təqdim olunub.
Sonda səhnəyə çıxan Xalq artisti Nurəddin Mehdixanlı göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına, dövlət rəsmilərinə və bütün sənətsevərlərə dərin minnətdarlığını bildirib.





