Nazirlikdə Mühüm Görüş Keçirilib

16.10.2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə rəsmi görüş baş tutub.

ELAZ.İNFO xəbər verir ki, yüksəksəviyyəli xarici qonaqlar Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün ölkəmizdə səfərdədirlər. Görüşdə nazir Anar Əliyev çıxış edərək Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm islahatlardan danışıb. Nazir xüsusilə vurğulayıb ki, fiziki məhdudiyyətli şəxslərin reabilitasiyası, idmana cəlb olunması və cəmiyyətə tam inteqrasiyası istiqamətində ölkədə ardıcıl və məqsədyönlü dövlət siyasəti yürüdülür.

Görüş çərçivəsində Beynəlxalq Paralimpiya Komitəsi və Avropa Paralimpiya Komitəsi ilə mövcud tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi perspektivləri geniş müzakirə olunub. Tərəflər paralimpiya hərəkatının inkişafı, inklüziv mühitin təşviqi və gələcəkdə birgə təşəbbüslərlə yanaşı, yeni beynəlxalq layihələrin reallaşdırılmasına dair ətraflı fikir mübadiləsi aparıblar.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁26