BEY Neft Ehtiyatlarının Bazara Çıxarılmasını Sürətləndirir


Beynəlxalq Enerji Agentliyinə (BEYA / IEA) üzv ölkələr qlobal enerji bazarındakı gərginliyi azaltmaq məqsədilə strateji neft və neft məhsulları ehtiyatlarının, o cümlədən 20 milyon bareldən çox dizel yanacağının ən qısa zamanda bazara çıxarılmasını sürətləndirmək barədə razılığa gəliblər.
ELAZ.INFO xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin İdarə Heyətinin Parisdə keçirilən iclasının yekun bəyanatında bildirilib. Agentliyin Rəhbər Şurasının qəbul etdiyi sənəddə strateji ehtiyatların operativ şəkildə bazara yönəldilməsinin vacibliyi vurğulanır: “İdarə Heyəti qalan həcmlərin, o cümlədən 20 milyon bareldən çox dizel yanacağının ən kəsə müddətdə bazara çıxarılmasını sürətləndirməyə razılıq verib”.
BEYA-nın təhlillərinə əsasən, mart ayında daxili bazarları stabilləşdirmək üçün təsdiqlənmiş tədbirlər çərçivəsində artıq 330 milyon barelə yaxın neft və neft məhsulu dünya bazarına çıxarılıb. Tərəfdaş dövlətlər qalan təxminən 100 milyon barel ehtiyatın da vaxtında tədarük edilməsi üçün bütün zəruri addımları atacaqlarını bəyan ediblər. İdarə Heyəti, eyni zamanda, neft hasilatı və emalı sahəsində ehtiyat güclərinə malik olan ölkələri bazara xammal və xüsusilə dizel yanacağı tədarükünü artırmağa çağırıb.
Qeyd olunur ki, bəzi üzv dövlətlər mart ayında öhdələrinə götürdükləri həcmdən daha çox neft ehtiyatı çıxarıblar, digərləri isə bu addımı atmağı planlaşdırır. Nəticədə, qlobal bazara yönəldilən ümumi strateji ehtiyatların həcmi əvvəlcədən nəzərdə tutulan 400 milyon barel həddini ötəcək.
Ruslan MƏMMƏDOV





