Starlink Terminallarına Yeni Məhdudiyyətlər

16.10.2026

Ukrayna hərbçilərinin Starlink peyk internet terminallarında gözlənilməz məhdudiyyətlərlə qarşılaşmasından sonra Polşanın Xarici İşlər Naziri Radoslav Sikorski İlon Maska sərt xəbərdarlıq edib.

ELAZ.INFO xəbər verir ki, Avropadakı Starlink istifadəçilərinin də diqqətlə izlədiyi bu proses Ukrayna cəbhəsində ciddi narahatlığa səbəb olub. Ukrayna Prezidentinin müşaviri və hərbi ekspert Serhiy Beskrestonov (“Flesh”) bildirib ki, yüksək sürətli terminallara tətbiq edilən yeni məhdudiyyətlər əvvəlcədən heç bir xəbərdarlıq edilmədən qüvvəyə minib.

Serhiy Beskrestonovun sözlərinə görə, Starlink terminallarının sürətinin və ötürmə qabiliyyətinin anidən məhdudlaşdırılması cəbhə xəttində kritik əhəmiyyət kəsb edən bir neçə hərbi missiyanın və PUA (dron) idarəetmə əməliyyatının pozulmasına gətirib çıxarıb.

Baş verənlərə dərhal reaksiya verən Polşa Xarici İşlər Naziri Radoslav Sikorski, Ukraynaya təmin edilən Starlink xidmətlərinin mühüm hissəsinin Polşa tərəfindən maliyyələşdirildiyini xatırladaraq İlon Maskı məsuliyyətli olmağa çağırıb. Sikorski vurğulayıb ki, müharibə şəraitində kritik rabitənin kəsilməsi və ya məhdudlaşdırılması qəbulolunmazdır və bu addımlar strateji tərəfdaşlıq prinsiplərinə ziddir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁17