Türk dövlətləri kosmosda birləşir: Yeni əməkdaşlıq sazişi imzalandı

07.10.2026

ELAZ.İNFO xəbər verir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kosmos sahəsində əməkdaşlığı yeni mərhələyə keçir. Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan kosmik sənayedə birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutan çərçivə müqaviləsinə imza atıblar. Sənəd 6 oktyabrda Antalyada keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində imzalanıb.

Razılaşma peyk texnologiyalarının inkişafı, kosmik tədqiqatlar, sənaye əməkdaşlığı, kadr potensialının artırılması və texniki imkanların genişləndirilməsi kimi istiqamətləri əhatə edir. Beləliklə, söhbət yalnız ayrı-ayrı layihələrdən deyil, kosmik sənayedə daha sistemli əməkdaşlıq mexanizminin yaradılmasından gedir.

Azərbaycanın bu prosesdə iştirakı xüsusilə diqqət çəkir. Təşkilatın məlumatına görə, Azercosmos OTS çərçivəsində “Turkic Space Bus” və “Turkic Academy for Space” kimi təşəbbüslərdə iştirak edir. Bundan başqa, 12U OTS-SAT Cube Satellite layihəsi üzərində də birgə iş aparılır.

Onu da qeyd edək ki, yeni çərçivə müqaviləsi kosmos sahəsində ortaq texnologiyaların, elmi araşdırmaların və gələcək birgə missiyaların əsasını gücləndirməyə hesablanıb. Bu baxımdan kosmos artıq yalnız elmi istiqamət deyil, türk dövlətləri arasında texnoloji və sənaye əməkdaşlığının yeni platformalarından birinə çevrilir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁36
Teqlər: