İtirilən ərazilər, bölünən torpaqlar, yurdundan qovulan didərgin azərbaycanlılar
Kiçilə-kiçilə, bölünə-bölünə gedirik. Bir zamanlar qoca Şərqin sinəsində böyük ərazilərə, geniş vadilərə, yaşıl ormanlara, bol sulu çaylara, dərin-dərin göllərə qədər uzanan, səsi-sorağı dünyanı götürən “Böyük Azərbaycan” adlı bir məmləkət indi mai gözlü Xəzərin sinəsinə sığınmaqla kifayətlənib.
1534-cü ildə Azərbaycanın cənub-qərb bölgəsi olan Mosul, Kərkük, Ərbil, Süleymaniyyə Səfəvi Dövləti ilə Osmanlı Dövləti arasında baş verən müharibə zamanı Osmanlı imperiyasının tərkibinə keçmiş və 1926-cı ildə Türkiyə ilə İngiltərə arasında bağlanan “5 iyun müqaviləsi” nəticəsində İraqa verilmişdir.
1724-cü ilin oktyabr ayında Rusiya imperatoru 1 Pyotr erməni əhalisinin Zaqafqaziyaya köçürülməsi haqqında fərman verərək, onları Rusiyanın işğal etdiyi ərazilərdə məskunlaşmasının əsasını qoydu. Bu fərman ermənilərin Azərbaycan ərazilərində yerləşməsinə, Rusiya üçün sosial dayaq rolunu oynamağa hesablandı və bununla azərbaycanlı əhaliyə qarşı soyqırımı siyasətinin həyata keçirilməsinin bünövrəsini qoydu.
Davam edən sonrakı parçalanmaya səbəbi isə iki türk igidinin bir-birinə qarşı barışmaz nifrəti rəvac verdi. Çanaqsa xalqın başında çatladı. -1736-cı ildə Gəncə bəylərbəyi Cavad xan Ziyadoğlu Nadirin Muğanda şah elan olunmasının əleyhinə çıxdığı üçün Nadir şah Borçalını Qazax mahalı ilə birlikdə Gəncə Bəylərbəyindən ayırıb, Kartli-Kaxeti çarına bağışlamışdı. 1801-ci ildə Rusiya ilə Gürcüstan arasında bağlanmış Georgiyevski aktı nəticəsində Gürcüstan, o cümədən Borçalı Rusiya ərazisinə qatılmışdı.
1813-cü ildə bağlanan Gülüstan və 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi ilə Dərbənd də daxil olmaqla, Azərbaycanın şimalında olan 130 min km2-lik hissəsi Rusiyanın əsarəti altına düşdü. Bu dövrdə işğal olunmuş ərazilərdə xristian əhalisinin sayını artırmaq məqsədi ilə İran və Osmanlı dövlətlərindən Naxçıvan, İrəvan, Qarabağ, Zəngəzur, Şamaxı, Göyçə və başqa yerlərə ermənilərin kütləvi şəkildə köçürülməsinə başlandı və bu ərazilərdə demoqrafik vəziyyət tamamilə dəyişdi. Türkmənçay müqaviləsinin XV maddəsinə əsasən İrandakı erməni əhalisi Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə köçüb yaşaya bilərdi. Köçürülən erməni əhalisinin bütün xərcini çar Rusiyası öz üzərinə götürdü. 1832-1830-cu illərdə İrandan 40 min erməni Şimali Azərbaycan ərazisinə köçürüldü. Çar Rusiyası 1829-cu ildə Osmanlı dövləti ilə bağladığı Ədirnə sülhündən sonra 84 min erməni Osmanlı ərazisindən köçərək, Şimali Azərbaycanda məskunlaşdı. Erməniləri Şimali Azərbaycan torpaqlarında yerləşdirmək üçün çar Rusiyası onlara 200 min desyatindən çox xəzinə torpağı ayırmış və azərbaycanlılardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı almışdı.
Çar istilaçı ordusunun tərkibində Azərbaycan ərazilərində ermənilərin yerləşdirilməsi məsələsi ilə məşğul olan qrupun içərisində Rusiyanın İrandakı səfiri A. S. Qiboyedov da vardı. A. S. Qiboyedov “Zapiski o pereselenii armyan iz Persii v naşi oblasti” adlı hesabat xarakterli məktubunda yazır:
“- Köçürülmə belə olmuşdu; onların (erməni köçkünləri nəzərdə tutulur-İ.Ə.) bizim tərəfimizdən yeni yerlərdə yerləşdirilməsi mənasız başısoyuqluq və bağışlanmaz idi. Ermənilərin böyük hissəsi müsəlman mülkədar torpaqlarında yerləşdirilirdilər. Bassırıqdan yararlanan köçkünlər yerləşərək, müsəlmanları sıxışdırırlar və onlar haqlı olaraq narazılıq edirlər.
Yerli vilayət rəisi sonradan gələn ermənilərin böyük bir hissəsini Araz sahili boyunda yerləşməyə çağırdı, amma onlar siz Alihəzrətdən (burada çar nəzərdə tutulur-İ.Ə.) əvvəl düşdükləri yerdə qalmalari üçün sizdən icazə istədilər və buna razılıq aldılar.
Biz eyni zamanda bir xeyli-götür qoy etmişik, necə edək ki, müsəlmanlar düşdükləri sıxıntılı vəziyyətlə barışsınlar ki, əndişənin kökü kəsilsin, bu uzun müddətli olmasın və ermənilər əvvəlki müvəqqəti yerləşdikləri yerdə müsəlmanların torpaqlarına həmişəlik sahiblənsinlər”.
Diqqət yetirin, bunu həmin hadisələrin, ermənilərin əzəli Azərbaycan torpaqlarında yerləşdirilməsi zamanı hadisələrin tam içərisində olan bir rus diplomatı qələmə alıb. Haqqında qeyd etdiyimiz yazı bir növ, hesabat xarakterli dövlət cənədididr.
N.N.Şavrov Zaqafqaziyada baş verən olaylara aydınlıq gətirərək, maraqlı məqamları önə çəkirdi. O yazır:
“- 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsindən sonra Osmanlıdan 165 min, 1894-cü ildə isə daha 100 min erməni Zaqafqaziyaya köçürüldü. Bu müddət ərzində köçürülən və yaşayan 1.300.000 erməninin bir milyondan çoxu diyarın yerli sakinləri deyildilər. Onlar burada bizim tərəfimizdən məskunlaşdırılmışlar.”
Göründüyü kimi, rusların özləri də çarizmin apardığı istilaçı siyasəti danmırdılar. Onlar bilə-bilə gözlərinin qabağındaca, məcburən ev-eşiklərindən ellərindən didərgin salınan türklərin fəryadına, ah-nalələrinə biganə qalırdılar. Rus imperialistləri islam dininə inananların sayını azaltmaq, Osmanlı dövləti ilə ərazi sərhədlərini bağlamaq məqsədilə Osmanlıda, İranda yaşayan erməniləri Azərbaycan əərazilərinə köçürürdülər. Castin Makkarti yazırdı:
“- 1818-1920-ci illərdə çarizmin yürütdüyü işğalçı proseslər zamanı Zaqafqaziyanın müsəlman əhalisinin hesabına, xristianların xeyrinə demoqrafik strukturun dəyişdirilməsinə başlanıldı. İki milyondan çox müsəlman məcburən qovuldu, öldürülənlərinn sayı hesaba alınmadı. İki dəfə; 1818-ci ildə və 1854-cü ildə ruslar Şərqi Anadoluya soxulanda və hər dəfə də geri çəkilməyə məcbur olanda 100 min ermənini özləri ilə Qafqaza aparmışdılar. Həmin erməniləri öldürdükləri, qovduqları türklərin ərazilərində yerləşdirmişdilər.
1877-1878-ci ildə Rusiya Qars, Ərdəhan yaşayış məntəqələrini işğal edəndə müsəlman türkləri sıxışdırıb aradan çıxartdı və orada 70 min ermənini məskunlaşdırdı. 1895-1896-cı illərdə Osmanlıda dövlət əleyhinə baş verən erməni üsyanları zamanı təxminən 60 min erməni Rusiya Qafqazına köçürüldü. Birinci Dünya Müharibəsində yarıbayarı olaraq 400 min erməni Şərqi Anadoludan Qafqaza, 400 min müsəlman türkünün yerinə axıb gəldi.
- Qurko-Kryajin qonşu ölkələrin torpaqları hesabına Ermənistan Respublikasının yarandığı ilkin zamanları şərh edərək yazır ki, “-1918-ci ildə müttəfiqlərinin köməyi ilə Qars və İrəvan vilayətləri Ermənistana verildi. Bu zaman Ermənistan ərazisində yaşayan əhalinin sayı 1.510.000 nəfərə (795.000 nəfər erməni, 575.000 müsəlman, 140.000 nəfər digər millət) çatdırıldı.
1919-cu ilin dekabr ayının 7-də yeni yaradılan Ermənistanın baş naziri Hovannes Kaçaznuni qan qardaşları ilə öz sevincini bölüşməyə, okeanın o tayına-ABŞ-a gedirdi. Yeni yaradılan Ermənistan büdcəsinə ianə toplamaq, yardım almaq bu səfərdə onun başlıca məsədi idi. Hovannes Kaçaznuni Nyu-Yorkun Cıdır meydanında, burada məskunlaşmış 5000 qaçqın erməni qarşısında iştirak edərək, alovlu şəkildə mitinq iştirakçılarını salamlayırdı. Qədim Azərbaycan torpaqlarını böyük qənimət kimi öz əllərinə keçirdiklərini çox sevindirici bir şəkildə ermənilərə çatdıraraq deyirdi:
-“İndi oralarda nə çar var, nə şah, nə də sultan: həmin müqəddəs torpaqlar indi bizimkidir, həmvətənlərim-sizin və mənim. Orada erməni ərazisinin başı üzərində artıq erməni bayrağı dalğalanır-eşidirsinizmi, erməni bayrağı!”.
Bəli, onlar sevindikləri, bayram etdikləri bu məqamı çox gözləmişdilər, çox qan tökmüşdülər, çox göz ağlatmışdılar və sonda məqsədlərinə yetmişdilər. Amma yenə dayanmayacaqdılar, yenə qan töküb, göz ağladacaqdılar.
Erməni qruplaşmalarının Cənubi Azərbaycan ərazilərində törətdikləri ağlasığmaz vəhşiliklər- Dünyada baş verən siyasi qarışıqlıqlardan faydalanmaq niyyətinə düşən və fürsət gözləyən ermənilər hər cür barbarlığa əl atırdılar. Müstəqil dövlət qurmaq ideyalarını gerçəkləşdirmək üçün münasib məqamın ələ düşdüyündən bəhrələnmək istəyən bu mənfurlar gözü işığa düşən quduz canavar kimi vəhşiləşmişdilər. Din qardaşlarının onlara verdikləri dəstək də bu istiqamətdə mühüm rol oynayırdı. Belə bir zamanda Azərbaycanın təkcə şimalı deyil, cənubu da silahlı erməni birləşmələrinin təcavüzünə məruz qalırdı. Müdafiə mövqeyində dayanan, ölkənin müxtəlif bölgələrində yaşayan azərbaycanlılar müntəzəm surətdə silahlı erməni quldurlarının qəfil, amansız basqınları ilə üzləşirdilər. Seyiağa Onullahi Cənubi Azərbaycanın ərazilərində erməni quldurlarının hansı vəhşilikləri törətdikləri barədə müfəssəl məlumat verir. O yazır:
“- 1918-ci ildə rus ordusunun Cənubi Azərbaycanı işğal etməsindən istifadə edən daşnak birləşmələrinin aysorlarla birləşib, Maku, Xoy və Urmiyda törətdikləri kütləvi qırğınlar hələ də orada yaşayan insanların xatirələrindən silinməmişdi. “Urmu bəlası”kimi yad olunan bu qanlı faciələrdə öldürülüb, məhv edilən müsəlmanların sayı daha çox olmuş, əsir edilənlər içərisində , əsasən gənc, müsəlman qızları üstünlük təşkil etmişdir.
….Urmiyada olan ermənilər rusların Cənubi Azərbaycandakı hərbi qüvvələrinin köməyi ilə “Azad Ermənistan” yaratmağı planlaşdırmışdılar. Bu məqsədlə rus ordusu Cənubi Azərbaycanı tərk edərkən özlərində olan silahların böyük bir hissəsini ermənilərə əvəzsiz vermişdilər. Dil və dinlərinin ayrı olmasına baxmayaraq, əsrlərlə bu ölkədə rahat və firavan yaşayan ermənilər müsəlmanlardan yaxşılıq görmüşdülər. Ancaq yerli əhaliyə məlum olmayan səbəbdən, heç bir günahı olmayan minlərlə Urmuya sakini qılıncdan keçirildi və aman verilmədi.
…Ermənilər təkcə bir gecənin içində 1500 nəfər türkü öldürdülər.” Tarixi mənbələrdən məlum olduğu ki, dövləti, tarixi əraziləri olmayan ermənilər məlum qüvvələrin dəstəyindən yararlanaraq, İranın, Azərbaycanın, Türkiyənin ərazilərində soyğunlar, talanlar, ixtişaşlar törədirdilər. Onlar özgələrinin hesabına, planlı şəkildə dövlət qurmaq və yeni torpaqlar əldə etmək üçün öz çirkin niyyətlərini reallaşdırmağa çalışırdılar. Bu işdə erməni siyasi xadimlərinə erməni qaçaq-quldurları böyük köməklik göstərirdilər. Kilsə planı cızır, yol göstərir, təşkilatlanmış quldurlar da hücuma keçirdilər. Onlar mərkəzdən aldıqları təlimatlar əsasında əvvəlcədən müəyyənləşdirilmiş türklərin toplu yaşadıqları məntəqələrə qəfil basqınlar edir, talayır, əhalisini isə ucdantutma şəkildə qətlə yetirirdilər. Belə özbaşnalığı həyata keçirən quldurlardan biri də “tayqulaq Andronik” idi. Osmanlı ərazilərində törətdiyi qanlı cinayət əməllərinə görə Andronikin qulağı kəsilmişdi. Qulağının kəsilməsi isə onu daha da qəddarlaşdırmış və türklərə qarşı qəzəbini artırmışdı.
Artıq Ermənistan qurulmuşdu, onun ərazilərini genişləndirmək məqsədilə gələcək üçün planlar hazırlanırdı. Belə planlardan birində Cənubi Azərbaycan ərazilərində “Kiçik Ermənistan” yaratmaq məsələsi də dururdu. Erməni siyasi liderləri bu məkrli planı həyata keçirə bilən şəxs kimi Androniki xüsusi qiymətləndirirdilər.
Yeri gəlmişkən onu da vurğulamaq lazımdır ki, bu quldur verdiyi zülmlərə görə həm Osmanlı ərazilərində, həm də Şimali Azərbaycanda əhali arasında böyük təşviş yaratmışdı. Andronik türklərə verdiyi cəzalardan xüsusi zövq alırdı. Buna görə də o mərkəzdən aldığı təlimatı məmnuniyyətlə qəbul edir və qanlı planı necə lazımdırsa, həyata keçirəcəyini bəyan etdi. Andronikin qanlı əməlləri haqqında S.Onullahi yazır:
“-1918-ci ilin mayında Ermənistan Respublika elan olunduqdan sonra Andronik 5 min nəfərlik silahlı dəstə ilə Xoy şəhərinə hücuma başladı. Xoyda evlər, məscidlər, küçələr adamlarla dolu idi. Şəhərdə belə bir şayiə yayılmışdı ki, ermənilər Ərzincan və Trabzonda müsəlmanların ətindən qovurma və qiymə bişirib özlərinə yedirmişlər. Onlar qadınların namusuna təcavüz etmişdilər.
….1918-ci ilin iyun ayının 24-də Andronikin başçılığı ilə erməni-danak silahlı dəstələri Xoy şəhərini mühasirəyə aldılar. Şəhərin kişi sakinləri silah əldə edərək, müdafiəyə qalxdılar. Qadın və uşaqlar şəhərin müdafiəçilərinə ərzaq aparırdı. Daşnakların toplardan atdıqları atəşlər nəticəsində bir neçə ev dağıldı, bir evə mərmi düşdü, iki nəfər öldü. Şəhərdə daşnakların müsəlman əhalisinə qarşı qətlləri başlayan zaman Osmanlı qüvvələri Xoy əhalisinin köməyinə çatdılar. Andronik öz ordusunu geri çəkməyə məcbur oldu”.
Xüsusilə qeyd etmək lazımdır ki, Şimali Azırbaycanda olduğu ki, Cənubi Azərbaycanda da erməni quldurları tərəfindən basqınlara məruz qalan, qırılan əhalinin köməyinə Osmanlı ordusu çatırdı. S. Onullahi qeyd edirdi ki, “ Nizami rus qoşunlarına arxalanan daşnaklar ermənilərin başçısı Petrosun rəhbərliyi altında Urmiyadan Səlmasa gəldi. Bir neçə gün şiddətli döyüşlər getdi. Ermənilər və onlara kömək edən aysorlar Səlmasda qələbə çaldılar və qalib kimi Urmiyaya qayıtdılar. Urmiyada müsəlman öldürmək adı bir hal almışdı.
Andronik yenidən Xoy şəhərinə hücum etdi. Andronikin məqsədi Xoy şəhərini ələ keçirib, İranda “Kiçik Ermənistan” dövlətini yaradaraq, gələcəkdə “Böyük Ermənistan” planı reallaşanda ona birləşdirmək idi. Lakin Xoy əhalisi öz qəhrəmanlıqları ilə Andronikin planını heçə endirdilər.
Ardı var…..
İlahə BAYINDIR
Tarixçi-tədqiqatçı