Bu qərar Avropa strukturları ilə əməkdaşlığın dayandırılması demək deyil

Avropa parlamentinin Azərbaycan əleyhinə olan növbəti qətnaməsindən sonra Azərbaycan Milli Məclisinin həmin parlamentlə əməkdaşlığın dayandırılması və Avronest Parlament Asssambleyasında üzvlüyə xitam verilməsi prosedurlarına başlamaq haqqında qərarı sosial şəbəkələrin Azərbaycan seqmentində müxtəlif yöndə şərh olunur. Müəyyən qrup şəbəkə iştirakçıları bu qərarın qəbulunu şərtləndirən amilləri yüngül desək, təhrif olunmuş şəkildə qələmə verməyə çalışırlar. Guya Avropa Parlamenti Azərbaycandan demokratiya, insan hüquqları və siyasi məhbusların azad olunmasaını tələb etdiyi üçün Azərbaycan həmin parlamentlə əlaqələri kəsərək özünə qapanma mövqeyi tutub.

Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Avropa Parlamenti bütövlükdə və ya qismən ölkəmiz ilə əlaqəli 15-ə yaxın qətnamə qəbul edib. Təəssüfləndirici haldır ki, həmin qətnamələrdə Avropa Parlamenti heç olmazsa qismən neytral görünməyə çalışmayıb Azərbaycan dövlətinə və xalqına qarşı həmişə birtərəfli və qərəzli mövqedən çıxış edib. Həm də bu qətnamələrdə Azərbaycana qərəzli münasibətin ritorikaları ardıcıl olaraq sərtləşdirilməsi və sanksiya çağırışlarının artması müşahidə olunur. Bu qətnamələrdə formal cəhətdən beynəlxalq humanitar hüquqa və insan hüquqlarına istinad olunsa da, Azərbaycana qarşı əsassız, beynəlxalq humanitar hüquqa və insan hüquqlarına zidd ittihamlar irəli sürülür. Bu ittihamların əsas mövzusu Qarabağda yaşayan erməni əhalisinin guya Azərbaycan tərəfindən hüquqlarının pozulması və təhlikəsizliyinin təmin olunmaması, “blokada”da saxlanması, Qarabağdakı erməni mədəni irsinin guya Azərbaycan tərəfindən dağıdılması, Azərbaycanı könüllü tərk etmiş ermənilərin guya zorla Ermənistana köçürülməsi və onların geri qaytarılmasına təminat verilməsinin zəruriliyi, beynəlxalq xarakterli sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məhkum olunmuş şəxslərin “hərbi əsir” və “girov” kimi qələmə verilməsi və onların dərhal azad olunması tələbi və s. bu kimi məsələləri əhatə edir. Bu qətnamələrin heç birində Azərbaycanlıların zorla Ermənistandan qovulması, Ermənistanda və 30 illik işğal dövründə Qarabağda etnik təmizləmə, Azərbaycanlıların mədəni və dini irslərinin dağıdılması və məhv edilməsi, yaşayış məntəqələrinin viran qoyulması məsələlərinə dair bir ifadə də tapmaq olmaz.

Avropa Parlamentinin hələlik sonuncu olan “Ermənistanın demokratik dayanıqlığının dəstəklənməsi haqqında” qətnaməsinə bilavasitə Azərbaycanın əleyhinə olan 2 bəndin salınması Avropa parlamentinin qərəzini bir daha ortaya qoyur. Həmin 2 bənddə Avropa parlamenti:

“12. Dağlıq Qarabağ ermənilərinin hüquqlarına, o cümlədən onların şəxsiyyətinin, əmlakının və mədəni irsinin qorunmasına, habelə müvafiq beynəlxalq zəmanətlər altında təhlükəsiz, maneəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüquqlarına dəstəyini bir daha təsdiqləyir; erməni mədəni və dini irsinin məhv edilməsinə görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb edilməsinə və beynəlxalq qiymətləndirmə missiyasının yaradılmasına çağırır;

13. Azərbaycan tərəfindən erməni hərbi əsirlərin, saxlanılan şəxslərin və girovların ədalətsiz şəkildə saxlanılmasını pisləyir; onların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir; indiyədək atılmış addımları qeyd edir və etimadın möhkəmləndirilməsi üçün növbəti tədbirlərin görülməsinə çağırır; beynəlxalq humanitar hüquqa və insan hüquqlarına tam riayət olunmasına çağırır.”

Bu 2 bənddə göstərilən məsələlərin Ermənistanda demokratiya məsələsinə və ümumiyyətlə Ermənistana heç bir aidiyyəti yoxdur. Eyni zamanda həmin məsələləri guya Azərbaycanda insan hüquqlarını qorunmasına tələb kimi qələmə verilməsi də əslində ölkədaxili siyasi qərəzin bir nümunəsidir.

Bu 2 bənd həmçinin Azərbaycan – Ermənistan arasında münasibətlərin normallaşmasını və Cənubi Qafqazda sülh prosesini təhdid edir. Avropa Parlamenti Azərbaycan prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatındakı çıxışında dediyi kimi “sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur”.

Bu gün qoca Avropanın problemləri çoxdur. ABŞ, Rusiya və Çin ayrı-ayrılıqda Avropanın üstünə gəlir, Avropanın həm hərbi və həmdə enerji təhlükəsizliyi ciddi təhdid altındadır. Belə bir şəraitdə kifayət qədər korrupsiyalaşmış və marginallaşmış Avropa parlamenti qoca qitənin köklü problemlərinin həllinə kömək əvəzinə erməni lobbisinin əlində oyuncağ çevrilib mənasız sənədlər qəbul edir və son nəticədə Avropanın problemlərini daha da dərinləşdirir.

Ona görə də bir tərəfdən mənasız qətnamələri ilə Avropanın problemlərini dərinləşdirən, Azərbaycana qarşı daim qərəzli və çoxtərəfli standartlarla yanaşma sərgiləyən bir qurumla formal əməkdaşlığın heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan Milli Məclisin Avropa parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarı düzgün və vaxtında verilmiş qərardır. Bu qərar bütövlükdə Avropa strukturları ilə əməkdaşlığın dayandırılması demək deyil.

Qulamhüseyn ƏLİBƏYLİ

Politoloq

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights