Daxili işlər orqanları üçün yüksəkixtisaslı kadrların hazırlanması, gənc mütəxəssislərin nəzəri biliklərinin təcrübədə düzgün tətbiq edilməsi və hüquqi dünyagörüşünün formalaşdırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Akademik təhsillə peşəkar fəaliyyətin sintezini təşkil edən bu cür görüşlər təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.
ELAZ.İNFO xəbər verir ki, Polis Akademiyasında kursantların peşə hazırlığının daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə mühazirələr mütəmadi olaraq təşkil edilir. Bu dərslər kursantların həm nəzəri biliklərinin dərinləşdirilməsinə, həm də praktiki təcrübə ilə zənginləşdirilməsinə əlverişli şərait yaradır.
Müxtəlif fənlər üzrə təşkil olunan interaktiv dərslərdə qonaq qismində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev, Xətai rayon prokuroru Sərdar İmanov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Samirə Babayeva, həmçinin Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi Rəşad Mürşidov iştirak ediblər.
Məlumata görə, mütəxəssislər müvafiq olaraq “Ədalət mühakiməsi əleyhinə olan cinayətlər”, “Təqsirləndirilən şəxs qismində cəlb etmə”, “Dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizlik əleyhinə olan cinayətlər”, “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” mövzularında geniş mühazirələrlə çıxış ediblər.
Dərslər zamanı ekspertlər nəzəri biliklərlə yanaşı, real peşə fəaliyyətində qarşılaşdıqları praktiki hallardan əyani nümunələr təqdim edib, mövzular ətrafında mühüm izahatlar veriblər. İnteraktiv müzakirələr şəraitində keçirilən mühazirələr zamanı kursantları maraqlandıran suallar ətraflı cavablandırılıb, onların gələcək xidməti bacarıqlarının inkişafına xidmət edən məqamlar diqqətə çatdırılıb.
Ruslan MƏMMƏDOV
