ABŞ Avropanın Rusiya ilə bağlı qeyri-adi xahişini rədd etdi: Danışıqlara zərər vurmaq istəmirlər

Qlobal geosiyasi arenada Ukrayna böhranının nizamlanması və sülh danışıqları fonunda ABŞ və Avropa müttəfiqləri arasında yanaşma fərqlilikləri özünü büruzə verir. Vaşinqtonun regional münaqişələrin həllində diplomatik kanalları qorumaq cəhdləri beynəlxalq mətbuatın diqqət mərkəzindədir.

ELAZ.İNFO xəbər verir ki, ABŞ rəhbərliyi sülh danışıqlarına zərər vurmamaq üçün avropalı müttəfiqlərinin Rusiyanı tənqid etmək barədə xahişlərinə rədd cavabı verib. Bu barədə məlumatı öz mənbələrinə istinadən nüfuzlu “Foreign Policy” jurnalı yayıb.

İddia olunur ki, Vaşinqtonun bu addımı avropalıların Rusiyanın Ukraynadakı hərbi əməliyyatları çərçivəsindəki addımlarından birini pisləmək xahişindən sonra atılıb. Lakin nəşr rəsmi Moskvaya qarşı irəli sürülən xahişin məhz hansı konkret hərəkətlə bağlı olduğunu dəqiqləşdirməyib.

Mənbə vurğulayır ki, son vaxtlar ABŞ daha çox Ukraynayönümlü ritorikaya meyil etsə də, Amerika administrasiyası nümayəndələrinin, o cümlədən Prezident Donald Trampın bir çox bəyanatları hələ də neytral xarakter daşıyır.

Xatırladaq ki, bir qədər əvvəl Donald Tramp dünya liderlərinin Rusiyanın iştirakı ilə G8 formatını qoruyub saxlamamaqla böyük səhvə yol verdiklərini bəyan etmişdi. Onun fikrincə, bu addım Ukraynadakı münaqişənin qarşısını ala bilərdi.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın