Azərbaycanda qədim xalq sənətkarlığı ənənələrinin dirçəldilməsi, ipəkçilik sənətinin qorunub saxlanılması və milli brendlərin qlobal miqyasda tanıdılması istiqamətdə mühüm layihələr həyata keçirilir. Bu sahədə fəaliyyət göstərən tarixi istehsalat müəssisələrinin işinin müasir tələblərə uyğun qurulması ölkə rəhbərliyinin və ictimaiyyətin daim diqqət mərkəzindədir.
ELAZ.İNFO xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub. Ziyarət çərçivəsində müəssisənin istehsalat sahələrinə baxış keçirilib, ipək istehsalının mövcud vəziyyəti və gələcək inkişaf planları barədə ətraflı məlumat verilib.
Məlumata görə, Leyla Əliyeva müəssisədə çalışan toxucu qadınların və sənətkarların əl işlərinə, xüsusilə milli naxışlarla bəzədilmiş ipək kəlağayılar və xalça nümunələrinə baxıb. Bildirilib ki, müəssisə daxili bazarı təmin etməklə yanaşı, Azərbaycan ipəyinin xarici ölkələrdə də tanıdılmasında mühüm rol oynayır.
Görüş zamanı milli irsimizin qorunması, yerli istehsalın dəstəklənməsi və qadın məşğulluğunun artırılması istiqamətində görülən işlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Ruslan MƏMMƏDOV


