Ağırlıqqaldıranlarımız dünya çempionatında iki qızıl qazandı


ELAZ.İNFO xəbər verir ki, yaş kateqoriyası üzrə dünya çempionatında Azərbaycan bayrağı iki dəfə ən yüksəkdə dalğalanıb. Afinada keçirilən usta ağırlıqqaldıranların dünya çempionatında Azərbaycan təmsilçiləri iki qızıl və bir gümüş medal əldə ediblər.
M70 yaş kateqoriyasında çıxış edən Vaqif Müsəddiq 85 kiloqram çəki dərəcəsində ümumilikdə 147 kiloqram nəticə göstərərək dünya çempionu olub.
Digər qızıl medalı isə Zülfüqar Süleymanov qazanıb. 75 kiloqram çəki dərəcəsində M40 kateqoriyasında mübarizə aparan idmançı iki hərəkətin yekununda 249 kiloqram nəticə göstərərək birinci yeri tutub.
Azərbaycan komandasının daha bir üzvü Səddar Quliyev də medalçılar sırasında yer alıb. 85 kiloqram çəkidə M75 yaş kateqoriyasında çıxış edən Quliyev toplam 126 kiloqram nəticə ilə gümüş medala sahib çıxıb.
Beləliklə, Azərbaycan təmsilçiləri Afinadakı dünya çempionatını iki qızıl və bir gümüş medalla başa vurublar.
İslam MAHMUDOV





