İQTİSADİ TOLERANTLIQ MODELİ PROBLEMİN HƏLLİ YOLUDUR

İki il qabaq, “iqtisadi tolerantlıq modeli” təklif edərkən bildirmişdim ki, korrupsiya, rüşvət, oğurluq, mənimsəmə, vəzifədən sui istifadə etmə yolları ilə varlanıb oliqarxlara çevrilmiş məmurlara  “şəxsi və əmlak toxunulmazlığı” verilməklə onlar dövlət vəzifəsindən azad edilməklə, öz ailə bizneslərini idarə etməyə yönəldilsinlər və yenə məmur olaraq dövlətin  iqtisadiyyatının idarə edilməsində iştirak etmək hüququ verən “Dövlət İqtisadi Məşvərət Şurasına” daxil edilsinlər.

Problemin iqtisadi, sosial və siyasi mahiyyətini dərk etməyən bir qrup   adamlar etiraz edib deyə bilərlər ki, -“bəli də, oğurluq et və tuxunulmazlıq hüququ qazan! Bu , hüquqa və məntiqə zidd deyilmi?”. İkinci qrup adamlar isə, problemin dövlət (ümumxalq) əhəmiyyətini  başa düşüb deyə bilərlər ki, “bəli, müxtəlif yollarla qazandığın sərvəti dövlətə (xalqa) qaytar və toxunulmazlıq hüququ qazan! Bu yanaşma, hüquqa və məntiqə ziddirmi?”

Üçüncü qrup adamlar isə düşünə bilərlər ki, “bəli, oğurluqla əldə edilmiş sərvət və onu əldə edən şəxs həbs edilməli, onun biznes-şəbəkəsi ləğv edilməlidir!” Belə yanaşma, hüquqa və məntiqə  uyğundurmu?

Təklif olunan “iqtisadi tolerantlıq modeli”, hər üç yanaşmaya həm elmi, həm də hüquqi cəhətdən  cavab verir. Belə ki, hər üç versiyanın icra mexanizmi bu model əsasında elə qurulur ki, həm dövlət, həm xalq, həm də “varlanmışlar” iqtisadi itkilərə məruz qalmırlar. Yəni, hər üç tərəf tolerantlıq göstərib barışığa gəlirlər və “varlanmışlar”  hüquq çərçivəsində yaşayıb öz bizneslərini davam etdirməklə təkcə özlərinə yox, həm də dövlətə və xalqa xidmət etmiş olurlar.

Ən vacib amil isə budur ki, əgər dövləti idarə edən şəxslər də, belə “varlanmışlar” cərgəsində yer alıblarsa, bəs onlar nə etməlidirlər?! Onlar gözləməlidirlər ki, inqilab, ya da hərbi çevriliş olsun, baş götürüb ölkədən qaçsınlar!? İnqilabi və ya hərbi çevrilişlər, dünya təcrübəsindən göründüyü kimi, dövlətə və xalqa yalnız fəlakət gətirirlər.

Təklif olunan “iqtisadi tolerantlıq modeli” bu fəlakətlərin qarşısının alınmasında  yegənə sipərdir ki, ranqından  asılı olmayaraq bütün “varlanmışların” təhlükəsizliyini təmin etməklə, həm onların özlərinin , həm sərvətlərinin, həm də mövcud olan biznes-şəbəkələrinin qorunmasını təmin etməklə, ölkə iqtisadiyyatında baş verə biləcək kataklizmlərin və tənəzzülün qarşısını alır. Belə ki, onların yaratdıqları müəssisə və təşkilatlar, firmalar, şirkətlərin fəaliyyətləri dayanmadığı üçün, onların qurduqları iqtisadi əlaqələr kəsilmir və ölkədəki mövcud iqtisadi tarazlığı poza biləcək amillər ortaya çıxmır.  Bunu dərk etmək üçün, həyatımızın reallığını iqtisadi gözlə görmək kifayətdir. Hesab edirəm ki, “iqtisadi tolerantlıq modeli”nin  iqtisadi tolerantlıq nəzəriyyəsi kimi tətbiq edilməsi və bunun əsasında  hər bir ölkədə “İqtisadi Tolerantlıq Qanununun” qəbul edilməsi, təkcə ayrı-ayrı ölkələri (dövlətləri) yox, bütünlükdə dünyamızı  baş verə biləcək iqtisadi kataklizmlərdən xilas edə bilər!

P.S. Əgər, Azərbaycan dövləti ilk olaraq belə bir qanun qəbul edərsə, bütün dünyaya iqtisadi tolerantlıq nümunəsi göstərmiş olar.

Ağasəf İMRAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir