Ətir yox ikən onlar nə qoxurdu? Kübar duman, ballı mum və gulyab

Müasir dünyada hər bir qadının masasını bəzəyən, fransız ətirlərinin zərif notları ilə zəngin olan parfümeriya məhsulları vaxtilə mövcud deyildi. Bəs parfümeriyanın kütləvi yayılmasından əvvəl saray xanımları, xüsusən də rus çarevnaları (şahzadələri) və çariçaları necə qoxurdular? Tarixi qaynaqlar göstərir ki, o dövrün saraylarında qızılgül və ya jasmin ətri deyil, tamamilə fərqli, qatı və smolalı (qatranlı) qoxular üstünlük təşkil edirdi.

ELAZ.İNFO xəbər verir ki, qədim rus saraylarında təmizliyin və təravətin baş sirri hamam (banya) mədəniyyəti idi. Hamamın divarları və döşəməsi nanə, kəklikotu, dazıotu kimi bitkilərin dəmləmələri ilə yuyulur, yerlərə təzə iynəyarpaqlı budaqlar və çəmən çiçəkləri düzülürdü. Saçlar və bədən isə çobanyastığı, gicitkən və Atpıtrağı kökünün suları ilə təmizlənirdi. Hamamdan sonra geyinilən təmiz kətan köynəklər bədənin təbii təravətini uzun müddət qoruyurdu.

Saray mühitinin ən kəskin və daimi qoxusu isə kilsə mürasimi ilə bağlı idi. Şərqdən və Bizansdan gətirilən bahalı və keyfiyyətli ladan (buxur) ev ibadətlərində geniş istifadə olunurdu. Onun qatı, şirin-qatranlı tüstüsü çarevnaların ağır və bahalı parçalardan – məxmər, tirmə və xəzdən hazırlanan geyimlərinə dərindən hopurdu. Bu qoxuya yüzlərlə təbii arı mumundan hazırlanan şamların ballı və günəşli ətri də qarışırdı. Geyimləri saxlamaq üçün istifadə olunan ağır taxta sandıqlara isə nanə, lavanda və qızılgül ləçəkləri ilə dolu ipək kisəciklər düzülürdü.

XVII əsrdə çar Aleksey Mixayloviç tərəfindən Moskvada “Aptek əmri”nin (Aptékarskiy prikáz) təsis edilməsi ilə əsl ətirlərə keçid dövrü başladı. Avropalı əczaçılar spirt əsasında təmizlənmiş ekstralar hazırlayırdılar ki, bunlara “ətirli araqlar” deyilirdi. Qızılgül suyundan hazırlanan “gulyab arağı” (qulyafevodka), darçın və qərənfil suları çarevnalar tərəfindən həm üz üçün tonik, həm də yataq dəstlərinə çiləmək üçün istifadə olunurdu. Tarixi sənədlərə görə, şahzadə Yekaterina Alekseyevna, Yevdoliya Alekseyevna və Feodosiya Alekseyevna bu növ ətirli suları xüsusi şüşə qablarda, naxışlı qutularda saxlayırdılar. Həmçinin, kübar qadınlar “tüstülənən qatranlar” (şam qatranı, ənbər, müşk və quru otların qarışığından hazırlanan toplar) yandıraraq otaqların havasını təravətləndirirdilər.

Rəsmi sənədlərdə maye ətir sahibi olduğu qeyd edilən ilk rus xanım hökmdarı I Pyotrun bacısı, iddialı çarevna Sofya Alekseyevna olub. Xarici elçilər onun Avropa dəbinə olan marağını bilərək, ona ənbər əsaslı xüsusi maye ətir töhfə etmişdilər. Rusiyada parfümeriyanın kütləvi istifadəsi isə I Pyotrun islahatlarından sonra, XVIII əsrdə başladı. Bu sahədə ən böyük kolleksiyaya malik olan çariça Yelizaveta Petrovna Parisdən sandıqlarla ətir gətirdir, gün ərzində ətrini bir neçə dəfə dəyişərək geyimlərini sözün əsl mənasında ətirlə yuyurdu.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın