Ehtiram Mehtiyevdən Məhkəmə Müstəqilliyi İlə Bağlı Sərt Bəyanat

30.10.2026

Hakimlərin həmkarlarının korrupsiya risklərini və etik pozuntularını aşkar etdikdə bu barədə məlumat verməli olduqları ilə bağlı məsələlər son vaxtlar cəmiyyətdə və hüquq müstəvisində geniş müzakirə olunur. Lakin mütəxəssislər hesab edirlər ki, əsl ədalət mühakiməsinin bərqərar olması üçün yalnız daxili nəzarət mexanizmləri kifayət etmir, ilk növbədə hakimlərin kənar təsirlərdən tam qorunması təmin edilməlidir.

ELAZ.INFO xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev məhkəmə sistemindəki korrupsiya riskləri, hakimlərə müdaxilə cəhdləri və real müstəqilliyin təmin olunması yollarını şərh edərkən bu mövzuya toxunub.

MCP rəsmisi hakimlərin fəaliyyətinə qeyri-rəsmi müdaxilə mexanizmlərinin qətiyyətlə aradan qaldırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Məhkəmə-Hüquq Şurasından, nazirliklərdən, rayon icra hakimiyyətlərindən və hüquq-mühafizə orqanlarından gələn zənglərə, göstəriş və xahişlərə, mesajlara, eləcə də qeyri-rəsmi görüşlərə tamamilə son qoyulmalıdır. Ehtiram Mehtiyevin sözlərinə görə, hakimə real müstəqillik verilməli, layiqli əməkhaqqı və sosial təminat yaradılmalı, onun peşəkar və vicdanlı fəaliyyəti stimullaşdırılmalıdır. Ədalət mühakiməsi hansısa göstərişlərlə deyil, yalnız və yalnız qanunların tələbi ilə həyata keçirilməlidir.

Məhkəmə sisteminə cəmiyyətin inamının bərpa olunması üçün köklü islahatların zəruriliyini önə çəkən MCP rəsmisi əlavə edib ki, əsl müstəqil hakim qanundan başqa heç kimdən və heç nədən asılı olmamalıdır. Korrupsiya ilə mübarizə yalnız mövcud pozuntuları ifşa etməklə məhdudlaşmamalı, eyni zamanda bu pozuntulara şərait yaradan bütün amillər kökündən ləğv edilməlidir. Əks halda, cəmiyyətin məhkəmə sisteminə olan etimadını bərpa etmək mümkün olmayacaq.

Ruslan MƏMMƏDOV 🖋️

👁 180