Yaşıllıqların qorunmasında yeni mərhələ: “Agac.az” tətbiqi istifadəyə verilib

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda ağacların mühafizəsi və şəhər yaşıllıqlarına ictimai nəzarətin gücləndirilməsi məqsədilə “agac.az” mobil tətbiqi istifadəyə verilib.
Tətbiq vətəndaşlara ağacların yerləşdiyi ərazilər barədə məlumat əldə etmək, onların vəziyyətini izləmək və problem aşkar etdikdə aidiyyəti quruma məlumat göndərmək imkanı yaradır.
Layihə çərçivəsində ölkə üzrə 212 mindən çox ağaca fərdi QR kodlu nişan vurulub. Ağacların yeri, növü, ölçüləri və mövcud vəziyyəti barədə məlumatlar elektron sistemə daxil edilib.
İstifadəçilər interaktiv xəritə vasitəsilə ağacların yerini müəyyənləşdirə, QR kodu oxudaraq onların rəqəmsal məlumat kartına baxa bilərlər. Ağacın quruduğu, zədələndiyi və ya qulluğa ehtiyacı olduğu müşahidə edilərsə, tətbiq vasitəsilə foto əlavə etməklə məlumat göndərmək mümkündür.
Qeyd edək ki, bu sistem yaşıllıqların qorunmasında vətəndaş iştirakını artırmaqla yanaşı, ağacların vəziyyətinin daha sistemli izlənməsinə də şərait yarada bilər.
Günel GÜNTAC




