Özbəkistanlı iş adamı ELAZ.İNFO-ya danışdı: “İlham Əliyevin siyasəti bütün Türk dünyası üçün qürur mənbəyidir – Azərbaycanda Tədris Mərkəzi açacağıq” – ÖZƏL MÜSAHİBƏ

Azərbaycanda keçirilən Milli Yaylaq Festivalı və yarmarkadan bir neçə gün sonra Özbəkistan nümayəndə heyətinin rəhbəri, Beynəlxalq Tadbirkor Ayol Assosiasiyasının Təşkənd vilayəti üzrə rəhbəri Səyarə Nəsirova ELAZ.İNFO-ya eksklüziv müsahibə verib.

ELAZ.İNFO xəbər verir ki, tanınmış xanım iş adamı müsahibəsində ölkəmizdəki təəssüratlarını, Azərbaycanın səmimi qonaqpərvərliyini, Prezident İlham Əliyevin Liderlik keyfiyyətlərini və yürütdüyü daxili-xarici siyasətin regional inteqrasiyaya təsirini yüksək qiymətləndirib. Müsahibəni təqdim edirik:

— Səyarə xanım, xoş gəlmisiniz! Festivaldan bir neçə gün keçməsinə baxmayaraq, təəssüratlarınız necədir? Azərbaycan səfəri sizdə hansı izləri buraxdı?

— Xoş gördük! Mən Səyarə Nəsirovayam, Özbəkistandan gəlmişəm. Biz iyulun 23-də ölkənizi görmək və bu möhtəşəm festivala qatılmaq üçün Azərbaycana geldik. Biz Azərbaycandan ayrılmaq istəmirik! Burada gördüyümüz qonaqpərvərlik və samimiyyət bizə öz evimizdə olduğumuzu hiss etdirdi. Festival yüksək peşəkarlıqla təşkil olunmuşdu. Milli əl işlərini, zəngin sənətkarlıq nümunələrini gördük — hər şey eynilə bizdə olduğu kimi doğma və gözəl idi. Azərbaycan xalqının öz adət-ənənəsinə, köklərinə bağlılığı, təmiz dağ havası, möhtəşəm təbiəti və dürüst insanları bizi valeh etdi. Biz hələ Azərbaycanın güzəlliklərinin kiçik bir hissəsini gördük, amma mütləq yenidən qayıdacağıq.

— Rəhbərlik etdiyiniz təşkilat və Özbəkistanda sahibkarlığa göstərilən dəstək haqqında nə deyə bilərsiniz?

— Mən Beynəlxalq Tadbirkor Ayol Assosiasiyasının Təşkənd vilayəti üzrə rəhbəriyəm. Birlikdə çalışdığımız üzvlərimizin 55%-dən çoxunu qadın sahibkarlar təşkil edir. Təşkilatımızda ailə biznesi, sənətkarlıq, ev təsərrüfatı və müxtəlif peşə sahələri üzrə fəaliyyət göstərən minlərlə iş adamı var. Özbəkistan dövləti və şəxsən Prezidentimiz sahibkarlara, xüsusilə yeni iş yerləri açan biznes subyektlərinə böyük dəstək verir. Bizim azad ticarət, idxal-ixrac və vergi güzəştləri kimi Geniş imkanlarımız var.

— Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, xüsusilə Türk dünyasına və qonşu dövlətlərə münasibəti barədə nə düşünürsünüz?

— Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət bu gün öz parlaq bəhrəsini verir. Xüsusilə onun Türk dövlətlərinə, türkdilli xalqlara və Xəzəryanı qonşulara göstərdiyi qardaşlıq münasibəti, nümayiş etdirdiyi xüsusi diqqət təqdirəalayiqdir. İlham Əliyevin bu siyasəti bütün Türk dünyası üçün qürur mənbəyidir. Keçirilən bu festival məhz həmin uzaqgörən siyasətin bariz nəticəsidir. Azərbaycan hazırda regionda sülhün, birliyin, inkişafın və qonaqpərvərliyin simvoluna çevrilib.

— Bu səfərin və keçirilən görüşlərin iki ölkə arasındakı iqtisadi əlaqələrə və biznes layihələrinə təsiri necə olacaq?

— Biz bu günlər ərzində təkcə mədəniyyəti deyil, həm də iqtisadi imkanları geniş müzakirə etdik. Azərbaycanın yaratdığı sülhsevər mühit və cəlbedici investisiya şəraiti Özbəkistan iş adamları üçün çox böyük imkanlar açır. Bizim əsas planlarımızdan biri Azərbaycanda qadınlar üçün peşə yönümlü birgə Tədris Mərkəzi açmaq və investisiya yatırmaqdır. Bununla yanaşı, Özbəkistandan olan digər qadın sahibkarları da Bakıya dəvət etmək, ticarət və idxal-ixrac əlaqələrimizi genişləndirmək, eləcə də qarşılıqlı turist axınını təmin etmək niyyətindəyik. Biz ölkənizdə təhsil, turizm və ticarət sahələrində birgə layihələr həyata keçirməkdə tam qərarlıyıq. Yaşasın Azərbaycan-Özbəkistan qardaşlığı!

— Özbəkistanda qarşıdan gələn hansı böyük festival və tədbirlər gözlənilir?

— Özbəkistanda bu il bir neçə böyük beynəlxalq festival keçiriləcək. Avqustun 13-də Şəhrisəbdə böyük festivalımız olacaq. Fərqanədə “Adras-Atlas” milli geyim festivalı, Xarəzm də “Qovun sayli” (Yemiş festivalı), Parkentdə “Üzüm sayli”, Namanganda isə artıq “Gül sayli” tədbirlərimiz baş tutub. Bütün azərbaycanlı dostlarımızı, sənətkarları və iş adamlarını Özbəkistandakı tədbirlərimizə dəvət edirik. Qardaşlığımız və əməkdaşlığımız əbədi olsun!

— Səyarə xanım, Azərbaycan sizdə hansı xatirələrlə yadınızda qalacaq? Bura yenidən qayıtmaq planınız varmı?

— Əlbəttə! Biz ölkənizdə özümüzü zərərrə qədər də qonaq hiss etmədik. Xalqınızın göstərdiyi xoş münasibət, səmimi qonaqpərvərlik, zəngin mətbəx və xüsusən də o isti, doğma münasibət unudulmazdır. Biz burada xoşa gəlməyən heç bir şeylə qarşılaşmadıq; hər yerdə sakitlik, əmin-amanlıq və hüzur var. Belə bir ölkədə olmaq bizə çox xoş oldu və mütləq yenidən qayıdacağıq!

— Bəs ümumilikdə bu səfərdən nə kimi qazanc əldə etdiniz?

— Əgər maddi nəzərdə tutursunuzsa, Azərbaycan ruzili-bərəkətli ölkədir, çox şükür, narazı deyilik. Amma əsas maddiyyatdan üstün olan, ondan çox irəlidə duran dəyərlərdir. Mən burada çoxlu dəyərli dostlar qazandım. Xüsusən də ELAZ.İNFO saytının təsisçi-redaktoru İlahə xanım Bayandırı tanımaq, qarşılıqlı dostluq münasibətləri qurmaq və onun məndən xüsusi olaraq müsahibə alması nəinki bu səfərimin, hətta bütün həyatımın ən dəyərli anları kimi yaddaşımdan silinməyəcək unudulmaz bir tarix olacaq.

İlahə BAYANDIR

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın