Azərbaycanda müasir dövrün çağırışlarına uyğun olaraq təhsil sisteminin yenidən qurulması, innovativ texnologiyaların tədris prosesinə inteqrasiyası və rəqəmsal infrastrukturun genişləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu addımlar ölkədə insan kapitalının formalaşdırılması və təhsilin əlçatanlığının artırılması məqsədi daşıyır.
ELAZ.İNFO xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal İnkişaf Şurasının ilk iclasında çıxış edib. Nazir ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində indiyədək görülən işlər və qarşıda duran gələcək planlar barədə Birinci vitse-prezident Mehriban Əliyevaya ətraflı məlumat təqdim edib.
Çıxışı zamanı E. Əmrullayev təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təmin olunması, respublika miqyasında uğurla icra edilən “Rəqəmsal məktəb” layihəsi, müvafiq təhsil pillələri üzrə məlumatların rəqəmsal formata keçirilməsi və təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxunub. Nazir vurğulayıb ki, görülən bu hazırlıq işlərindən sonra növbəti mərhələ olaraq birbaşa tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, şagirdlərin müasir texnoloji bacarıqlara yiyələnməsinin vacibliyini qeyd edən nazir, məktəblərdə uğurla davam etdirilən “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələrinin əhəmiyyətini xüsusi qeyd edib. O, bu fundamental layihələr vasitəsilə ölkədə insan kapitalının inkişafının təmin edilməsinin rəqəmsal transformasiya dövründə ən əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb.
Ruslan MƏMMƏDOV


