Venesuelada dağıdıcı zəlzələ: itkilər artır, ölkə ağır sınaq qarşısında

Venesuelada dağıdıcı zəlzələ: itkilər artır, ölkə ağır sınaq qarşısında

Bütün dünya ötən həftə Venesuelada baş verən zəlzələyə böyük ürək ağrısı ilə yanaşdı. Bu qəfil və güclü yeraltı təkan dünya mediasının əsas gündəm mövzularından birinə çevrildi. Venesuelaya dəyən maddi və mənəvi ziyan beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.

ELAZ.İNFO xəbər verir ki, rəsmi məlumatlara görə Venesuelanın şimal sahillərində ardıcıl olaraq baş verən iki güclü dağıdıcı zəlzələ ölkədə humanitar vəziyyəti xeyli ağırlaşdırıb. Hələ də xilasetmə qrupları dağıntılar altında qalan insanları axtarır, beynəlxalq ictimaiyyət isə bu ölkəyə yardım kampaniyaları həyata keçirir.

Məlumat üçün bildirək ki, 24 iyun tarixində təxminən 39 saniyə fərqlə baş verən 7,2 və 7,5 bal gücündə iki zəlzələ xüsusilə La Quayra (La Guaira) ştatında və paytaxt Karakas ətrafında ciddi dağıntılar yaradıb. Çoxsaylı yaşayış və inzibati binalar dağılıb, nəqliyyat və rabitə infrastrukturu çöküb.  

Rəsmi məlumatlara görə çoxsaylı insan tələfatı var. İtkin düşənlər isə axtarılır.

Xilasetmə işləri fasiləsiz davam etsə də, rəsmi qurumlar ölən və yaralananların sayının artacağını istisna etmirlər. Minlərlə insan evsiz qalıb, çox sayda ailə isə yaxınlarından xəbər almağa çalışır. Beynəlxalq təşkilatlar və müxtəlif ölkələr axtarış-xilasetmə qrupları, tibbi ləvazimat və humanitar yardım göndərməyə başlayıblar.

Mütəxəssislər bildirirlər ki, əsas zəlzələlərdən sonra yüzlərlə afterşok qeydə alınıb. Bu isə artıq zədələnmiş binalarda yeni uçqunlar riskini artırır və xilasetmə əməliyyatlarını çətinləşdirir.

  • Maraqlı fakt: Venesuela Karib hövzəsində yerləşir və ölkə boyunca bir neçə aktiv geoloji qırılma xətti uzanır. Buna görə region zaman-zaman güclü zəlzələlərlə üzləşir.

Onu da deyək ki, Venesuela seysmik cəhətdən fəal ölkələrdən biridir və bu ölkənin tarixində çoxsaylı güclü zəlzələlər baş verib. Bunun səbəbi ölkənin Karib plitəsi ilə Cənubi Amerika plitəsi arasındakı tektonik sərhəddə yerləşməsidir.

Venesuelada baş vermiş ən güclü zəlzələlərin tarixinə qiyabi olaraq səyahət edək:

-1812-ci ildə Karakasda baş verən zəlzələnin gücü təxminən 7,7 bal gücündə idi. Və bu zəlzələ tarixdə Venesuelanın ən dağıdıcı zəlzələlərindən biri hesab edilir. O dəhşətli zəlzələdə təxminən 30 min nəfər həyatını itirmişdi.

1900-cü ildə Miranda zəlzələsi olaraq tarixə düşən zəlzələ ölkənin şimal sahillərində ciddi dağıntılar törətmişdi, hətta bəzi ərazilərdə sunami də qeydə alınmışdı. Təxminən 7,6 bal olan bu zəlzələ də öz gücünü bir daha Venesuela xalqına göstərmişdi.

1967-ci ildə 6,6 bal gücündə olan zəlzələ yenidən Karakası silkələdi. Ölkənin paytaxtında çoxmərtəbəli binalar ciddi zədə aldı. Dağıntılar ölkənin iqtisadiyyatına ciddi şəkildə ziyan vurdu. Bu zəlzələ zamanı 240–300 nəfərin həlak olduğu qeyd olunub.

1997-ci ildə Kariako (Cariaco) zəlzələsinin gücü 6,9 bal gücündə idi və bu zəlzələdə ən azı 80 nəfər həlak oldu, yüzlərlə insan yaralandı.

2018-ci il Karib dənizi zəlzələsinin gücü isə 7,3 bal idi. Güclü hiss olunsa da, episentri dənizdə və dərinlikdə olduğuna görə dağıntılar nisbətən az idi.

Bu günümüzdə, 2026-cı ildə, ardıcıl olaraq baş verən ikili zəlzələ 7,2 və 7,5 bal gücündə, cəmi 39 saniyə ara ilə baş verdi. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu hadisə 1900-cü ildən bəri ölkədə qeydə alınan ən güclü zəlzələlərdən biridir.

Tarixi təcrübədən belə nəticəyə gəlirik ki, Venesuela zəlzələ riski yüksək olan ölkələrdən biridir. Son iki əsrdə burada qeydə alınan güclü təkanlar ölkənin seysmik təhlükə ilə daim üz-üzə olduğunu göstərir. Mütəxəssislər bildirirlər ki, Karib və Cənubi Amerika tektonik plitələrinin toqquşma zonasında yerləşməsi səbəbindən gələcəkdə də bu regionda güclü zəlzələlərin baş verməsi ehtimalı qalır.

Mütəxəssislərin fikrincə, zəlzələnin yaratdığı humanitar problemlərin aradan qaldırılması həftələr, hətta aylar çəkə bilər. Dağılan yaşayış məntəqələrinin bərpası, infrastrukturun yenidən qurulması və zərərçəkmiş ailələrin normal həyata qayıtması üçün beynəlxalq dəstəyin davam etməsi böyük əhəmiyyət daşıyır.

Azərbaycanın da seysmik zonada yerləşdiyini və ölkəmiz ərazisində zəlzələlərin baş verdiyini nəzərə alaraq əhalini bu qaydalara riayət etməyə çalışırıq:

Zəlzələ zamanı necə davranmaq lazımdır?

  • Güclü təkan hiss edilən zaman liftdən istifadə etməyin.
  • Pəncərələrdən və ağır əşyalardan uzaq durun.
  • Təhlükəsiz yerə sığının və başınızı qoruyun.
  • Təkanlar bitdikdən sonra binanı ehtiyatla tərk edin.
  • Rəsmi qurumların xəbərdarlıqlarını izləyin.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın