ELAZ.İNFO xəbər verir ki, Muğanlı–İsmayıllı–Qəbələ yolunun 5-ci kilometrliyində inşa edilən böyük asma körpünün tikintisi davam etdirilir.
Layihəyə əsasən, körpünün uzunluğu təxminən 1,2 kilometr, hündürlüyü isə 76 metr olacaq.
Körpünün yerləşdiyi ərazi mürəkkəb relyefə malik olduğundan layihənin əsas məqsədlərindən biri nəqliyyatın daha rahat və təhlükəsiz təşkilinə şərait yaratmaqdır.
Körpünün tikintisi 2026-cı ildə başa çatdırılacaq
Bu barədə danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, körpüdə tikinti işlərinin təxminən yarısı icra olunub və layihənin 2026-cı ilin sonunadək tamamlanması nəzərdə tutulur.
Yeni körpü Muğanlı–İsmayıllı–Qəbələ istiqamətində yol infrastrukturunun inkişaf etdirilməsi baxımından əhəmiyyətli layihələrdən biridir.
Uzun və hündür konstruksiyanın inşası həmin ərazidə nəqliyyat imkanlarının genişləndirilməsi ilə yanaşı, bölgəyə səfər edən sürücülər üçün yolun daha əlverişli olmasına xidmət edəcək.
İlahə BAYINDIR


