ELAZ.İNFO xəbər verir ki, Şabran rayonunda yerləşən “Qədim Şabran” arxeoloji abidəsində aparılan qazıntılar zamanı mühüm maddi mədəniyyət nümunələri aşkarlanıb.
AZƏRTAC-ın məlumatına görə, arxeoloji tədqiqatlar zamanı qədim Şabran şəhərinin su təminatında istifadə edilən saxsı borulardan ibarət su xətti, həmçinin ovdan və ya anbar olması ehtimal edilən nadir tikilinin qalıqları üzə çıxarılıb.
Su şəhərə dağlardan gətirilirmiş
Arxeoloqların araşdırmasına əsasən, aşkarlanan saxsı borular qədim şəhərin su ilə təmin olunması üçün istifadə edilən xəttin bir hissəsidir.
Mütəxəssislər hesab edirlər ki, su dağlıq ərazilərdən saxsı borular vasitəsilə Şabran şəhərinə çatdırılıb.
Qazıntılar zamanı həmçinin gümbəzvari tikilinin qalıqları aşkarlanıb. Tikilinin dəqiq funksiyası hələ müəyyənləşdirilməyib. İlkin ehtimala görə, bu obyekt anbar və ya ovdan ola bilər.
Qədim şəhərin tarixi daha dərindən araşdırılır
Şabran arxeoloji ekspedisiyasının rəhbəri Səfər Aşurovun sözlərinə görə, qazıntı işləri təxminən onillik fasilədən sonra yenidən bərpa edilib.
Tədqiqatların əsas məqsədlərindən biri şəhərin daha aşağı mədəni təbəqələrinə çatmaq və onun erkən tarixini dəqiqləşdirməkdir.
Hazırda qazıntı aparılan ərazinin təxminən XV əsrə aid mədəni təbəqəyə uyğun olduğu bildirilir. Burada şirli və şirsiz qablar, eləcə də lazurit daşından hazırlanmış medalyon da tapılıb.
Arxeoloji tədqiqatların bu mərhələsinin avqustun sonuna qədər davam etdirilməsi planlaşdırılır.
Günel GÜNTAC


