Məhərrəm (İmam Hüseyn) Yası: Fars Şüubiyyəçiliyinin Siyavuş Mifi Üzərində Qurduğu İdeoloji Model, Türk Düşmənçiliyində İdeoloji Rolu ?
Bu gün fars cəmiyyətində İmam Hüseyn adı ilə keçirilən Məhərrəm mərasimləri yalnız dini hadisə kimi təqdim edilir. Lakin bu mərasimlərin mədəni köklərinə nəzər saldıqda fərqli mənzərə ortaya çıxır.
İslamdan əvvəl fars mədəniyyətində haqsız yerə öldürülmüş qəhrəman üçün keçirilən ən məşhur yas mərasimi Siyavuş yası idi. Əsrlər boyu davam edən bu mərasimlər sonradan şiə mərasimləri ilə qovuşmuş və yeni dini məzmun qazanmışdır. Bir çox tədqiqatçı bu iki ənənə arasında diqqətəlayiq oxşarlıqların olduğunu qeyd edir.
Siyavuş tarixi şəxsiyyət deyil. O, Firdovsinin “Şahnamə” əsərində mərkəzi yer tutan mifoloji qəhrəmandır. Əsərdə Siyavuş Turanın hökmdarı Əfrasiyabın əmri ilə öldürülür və bunun ardınca uzun yas mərasimləri təsvir edilir.
Burada diqqət çəkən əsas məsələ Şahnamənin yazıldığı tarixi mühitdir. Ərəb fəthlərindən sonra fars kimliyini və dilini yenidən dirçəltməyə çalışan şüubiyyəçi düşüncə İran mədəni irsini ön plana çıxarmağa çalışırdı. Bu baxımdan Şahnamə təkcə ədəbi əsər deyil, həm də fars milli yaddaşının və kimliyinin formalaşdırılmasına xidmət edən böyük ideoloji layihə idi.
Bu yanaşmaya görə, Turan və iranlılar arasında aparılan mübarizə sadəcə mifoloji süjet deyil, fars milli təfəkkürünün formalaşdırılmasında mühüm ideoloji vasitəyə çevrilmişdir. Turan çox vaxt düşmən obrazında təqdim edilir, İran hökmdarları isə haqqın və sivilizasiyanın təmsilçiləri kimi göstərilir. Bu səbəbdən bəzi türk tarixçiləri Şahnaməni Turan dünyasına qarşı formalaşdırılmış ideoloji mətn kimi qiymətləndirirlər.
Şüubiyyəçilik hərəkatı da ərəb siyasi və mədəni üstünlüyünə qarşı fars kimliyini bərpa etməyə çalışmış, qədim İran keçmişini yenidən dirçəltmişdir. Şahnamə bu düşüncənin ən qüdrətli ədəbi ifadələrindən biri hesab olunur.
Bu baxımdan belə bir fikir irəli sürmək mümkündür ki, bu gün fars cəmiyyətində İmam Hüseyn adı ilə yaşadılan matəm mədəniyyəti yalnız dini deyil, həm də islamdan əvvəlki fars yas ənənələrinin davamı kimi formalaşmışdır. Bu yanaşmaya görə, dəyişən yasın qəhrəmanı olmuş, lakin yasın mədəni forması və kollektiv emosional strukturu böyük ölçüdə qorunub saxlanmışdır.
Bu mövzu tarixşünaslıqda mübahisəlidir və müxtəlif baxışlar mövcuddur. Lakin danılmaz həqiqət budur ki, Şahnamə fars milli kimliyinin formalaşmasına böyük təsir göstərmiş, Siyavuş obrazı isə bu kimliyin ən güclü mifoloji simvollarından birinə çevrilmişdir.
Rıza Qaraçay
