ELAZ.İNFO xəbər verir ki, 2026–2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi başlayıb.
Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, bütün ixtisas qrupları üzrə ixtisas seçimi 12 avqust saat 10:00-dan 19 avqust saat 23:59-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər bu müddət ərzində qəbul olmaq istədikləri ixtisasların kodlarını elektron ixtisas seçimi ərizəsinə daxil etməli və ərizəni təsdiqləməlidirlər.
İxtisas seçimi zamanı abituriyentlər üçün əsas məsələlərdən biri seçim ardıcıllığının düzgün müəyyənləşdirilməsidir. Çünki yerləşdirmə zamanı ərizədə göstərilən ixtisasların ardıcıllığı nəzərə alınır.
Subbakalavrlar da ixtisas seçə bilərlər
DİM-in məlumatına görə, subbakalavrlar da avqustun 12-dən 19-dək ixtisas seçimi prosesində iştirak edə bilərlər.
Onlar qəbul olmaq istədikləri ixtisasların kodlarını elektron ərizəyə daxil etməlidirlər. Subbakalavrların seçim imkanları isə bitirdikləri ixtisas və tədris dili ilə bağlı müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Abituriyentlərə məsləhət mərkəzləri də kömək edəcək
İxtisas seçimi zamanı çətinlik yaşayan abituriyentlər üçün “Abituriyent Məsləhət Mərkəzləri” də fəaliyyət göstərir.
DİM bildirir ki, müxtəlif ali təhsil müəssisələrində və regional bölmələrdə abituriyentlərə ixtisas seçimi ilə bağlı ödənişsiz məsləhət xidməti göstərilir.
Vacib tarix
İxtisas seçiminin son günü: 19 avqust 2026, saat 23:59.
Abituriyentlərin son günə qədər gözləmədən elektron ərizələrini yoxlamaları və təsdiqləmələri tövsiyə olunur.
İlahə BAYINDIR


