Venesuelada dəhşətli zəlzələ: 188 ölü və Latın Amerikası tarixinin ən dağıdıcı 10 yeraltı təkanı

Latın Amerikası regionu mürəkkəb tektonik qırılma zonalarının üzərində yerləşdiyindən tarix boyu dəfələrlə kütləvi insan tələfatı və dağıntılarla nəticələnən qorxunc təbiət hadisələrinə səhnə olub. Növbəti fəlakət xəbəri Venesueladan gəlib.

ELAZ.İNFO xəbər verir ki, Venesuelanın şimal sahili və paytaxt Karakas şəhərində baş verən iki güclü zəlzələ nəticəsində azı 188 nəfər həyatını itirib. Xilasetmə qrupları uçmuş binaların dağıntıları altında axtarışları davam etdirdiyi üçün tələfatın artacağı istisna olunmur. Bu hadisə 240 nəfərin öldüyü 1967-ci il zəlzələsindən sonra ölkənin müasir tarixində qeydə alınan ən ölümcül fəlakətdir.

Mütəxəssislər Venesueladakı son faciə fonunda Latın Amerikası regionunun tarixində baş vermiş 10 ən dəhşətli və ölümcül zəlzələnin siyahısını tərtib ediblər:

  1. Haiti Zəlzələsi (2010): 7.0 maqnitudalı bu zəlzələ 316 000 insanın həyatına son qoyaraq bəşəriyyət tarixinin ikinci ən ölümcül yeraltı təkanı olub. Paytaxt Port-o-Prinsin sıx məskunlaşması və keyfiyyətsiz tikintilər tələfatı kütləvi edib.
  2. Ekvador-Kolumbiya Zəlzələləri (1868): 7.7 maqnitudalı təkanlar nəticəsində Ekvadorda 40 000, Kolumbiyada isə 30 000 olmaqla ümumilikdə 70 000 insan saniyələr içində yuxuda ikən dağıntılar altında qalıb.
  3. Peru Zəlzələsi (1970): 7.9 maqnitudalı bu zəlzələ tarixin en ölümcül torpaq və buz sürüşməsini tətikləyib. Yungay və Ranrahirka şəhərləri 4 metr dərinliyində lil və buz kütləsinin altında qalıb, 66 794 insan ölüb.
  4. Ekvador Zəlzələsi (1797): Ölkə tarixinin ən güclü (8.3 bal) zəlzələsidir. Kito, Riobamba və digər şəhərlərdə binaları saniyələr içində yerlə-yeksan edərək 40 000 can alıb.
  5. Çili Zəlzələsi (1939): Çili 1960-cı ildə tarixin ən güclü zəlzələsini (9.5 bal) yaşasa da, ən çox ölüm 1939-cu ildə Çilyan şəhərində (8.3 bal, 30 000 ölü) qeydə alınıb. Bu hadisədən sonra ölkədə ilk anti-seysmik tikinti qaydaları qəbul edilib.
  6. Venesuela Zəlzələsi (1812): 7.7 maqnitudalı üçlü zəlzələ Karakasın 90%-ni dağıdıb və 26 000 insanı öldürüb.
  7. Arika Zəlzələsi (1868): 8.5 maqnitudalı təkan o dövr Peruya (hazırda Çili) aid olan Arika və ətraf şəhərləri məhv edib, yaranan tsunami dalğaları Havay və Yeni Zelandiyaya qədər çataraq ümumilikdə 25 000 insanı qətlə yetirib.
  8. Qvatemala Zəlzələsi (1976): Gecə saatlarında baş verən 7.5 ballıq zəlzələdə kerpic evlərin tamamilə uçması nəticəsində 23 000 insan ölüb, ölkə xəstəxanalarının beşdə ikisi sıradan çıxıb.
  9. Venesuela Zəlzələsi (1797): Kumana şəhərini yerlə-yeksan edən fəlakət zamanı yerin altından alov və kükürd qoxusunun çıxdığı qeyd olunub, 16 000 insan tələf olub.
  10. Argentina Zəlzələsi (1861): Mendoza şəhərində gecə yarısı baş verən təkanlar (təxminən 7.2 bal) binaları uçurub, qaz lampalarının səbəb olduğu və günlərlə davam edən yanğınlar nəticəsində 14 000 insan ölüb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın