Böyük Britaniya Kralı və COP29-un prezidenti Muxtar Babayev qlobal istiləşməyə qarşı bir araya gəlib

Qlobal iqlim dəyişikliyi ilə mübarizə və planetin gələcəyini təhdid edən faktorların aradan qaldırılması istiqamətində beynəlxalq miqyasda mühüm addımlar atılmaqdadır. Bu çərçivədə dünya liderlərinin və strateji tərəfdaşların birgə fəaliyyəti ekoloji böhranın qarşısının alınmasında həlledici rol oynayır.

ELAZ.İNFO xəbər verir ki, Böyük Britaniyanın paytaxtında keçirilən London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Əlahəzrət Kral III Çarlz tərəfindən yüksək çirkləndiricilərə qarşı mübarizə mövzusunda yüksək səviyyəli qəbul təşkil olunub. Tədbirdə qlobal istiləşmənin qarşısını almaq üçün səylərini sürətləndirən aparıcı dünya liderləri bir araya gəliblər.

Ekspertlərin rəyinə görə, planetdə qlobal istiləşmənin təxminən yarısı məhz bu növ yüksək çirkləndiricilərin (sürətli təsirə malik istixana qazlarının) payına düşür. Bu səbəbdən onların emissiyasının azaldılması iqlim dəyişikliyini yavaşatmağın ən sürətli və effektiv yollarından biri kimi qəbul edilir.

Mötəbər qəbulun iştirakçıları arasında bu il Azərbaycanda keçiriləcək COP29-un prezidenti Muxtar Babayevin də yer alması xüsusi rəğbətlə qarşılanıb. Tərəfdaşlar vurğulayıblar ki, Böyük Britaniya və Azərbaycan birgə səylərlə iqlim fəaliyyətini irəliyə aparmağa, daha təmiz və sağlam gələcək üçün praktiki həll yollarını dəstəkləməyə qətiyyətlə davam edirlər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın