Ölkəmizdə rəsmi səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ötən il türkmən xalqının Milli Liderinin Azərbaycana, Prezident İlham Əliyevin isə Türkmənistana səfərlərini xatırladaraq, bu görüşlərin siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əməkdaşlığın inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirdiyini deyib.
ELAZ.İNFO xəbər verir ki, dünən Prezident Sarayında keçirilən görüşdə Sərdar Berdiməhəmmədov beynəlxalq arenada, həmçinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və MDB çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı. Ali qonaq Azərbaycanın Türkmənistanın neytral xarici siyasətinə, sülh və davamlı inkişaf naminə irəli sürdüyü beynəlxalq təşəbbüslərə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyərək, eyni zamanda, Türkmənistanın da Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini dəstəklədiyini qeyd etdi, bu ənənənin gələcəkdə də davam etdiriləcəyini bildirdi.
Xəzər dənizi ilə bağlı əməkdaşlığa toxunan Türkmənistan Prezidenti təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Bu xüsusda Türkmənistanın Xəzər dənizi məsələlərinə dair yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini, həmçinin Xəzər Ekoloji Təşəbbüsünün irəlilədilməsi istiqamətində Azərbaycanın dəstəyinə ümid bəslədiyini bildirdi.
Prezident iqtisadi-ticari əməkdaşlığın ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olduğunu deyərək, ticarət dövriyyəsində müsbət dinamikanı yüksək qiymətləndirdi. Ali qonaq ölkələrimiz arasında mövcud potensialın daha da səmərəli reallaşdırılması üçün İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin gücləndirilməsinin vacibliyinə toxundu.
Nəqliyyat-tranzit sahəsini əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov Türkmənistanın və Azərbaycanın əlverişli coğrafi mövqeyinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaratdığını dedi. Bu məqsədlə Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin daha da fəallaşdırılmasını təklif etdi.
Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov vurğuladı ki, ölkələrimiz, həmçinin Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünü dəstəkləyir. Ali qonaq Xəzər və Qara dəniz regionlarının birləşdirilməsinin iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün yaxşı imkanlar açdığını dedi.
Türkmənistan Prezidenti, həmçinin neft-qaz, kimya, tekstil sənayesi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğuladı. Sərdar Berdiməhəmmədov ölkələrimiz arasında təhsil, elm, mədəniyyət və incəsənət sahələrində fəal qarşılıqlı fəaliyyətin davam etdiyini vurğuladı. Bu xüsusda qarşılıqlı Mədəniyyət Günlərinin, festivalların, sərgilərin və digər tədbirlərin keçirilməsinin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini qeyd etdi.
