Farsa, urusa işləyən mən yox, onlardır

Ötən həftə qardaş Türkiyədə şəxsimə qarşı sosial media üzərindən linç kampaniyası təşkil edildi. Bəllidir, oradakı FETÖ çetesi, üstəlik də Moskvaya və Tehrana könüllü köpəklik edənlər daim şəxsimi “diqqətdə” saxlayırlar.

Dünəndən isə qardaş Qazaxıstanda bəziləri məndən ciddi şəkildə narazıdırlar. Düzdür, onları yuxarıda qeyd etdiyim mərkəzlərə bağlaya bilmərəm. Amma əminəm ki, burada həmin mərkəzlərin barmağı da olmamış deyil.

Əsas olan isə başqa məsələdir. Bu proseslərdə görürəm ki, şəxsimə qarşı 100 nəfər danışır, yazır, şər atırsa, qarşılığında minlərlə insan mənimlə həmfikir olduğunu çəkinmədən deyir. Buna isə sevinməmək olmaz. Çünki bu göstərici Azərbaycan və onun dostu – qardaşı olan ölkələrdə insanların çoxunun daha aydın olmasından xəbər verir.

Başqa diqqət çəkən məqam isə üzücüdür. Milli və milliyyətçi saydığımız insanların bəziləri (sayları elə də çox deyil) bu prosesdə əsl simalarını üzə çıxardılar. Bəlli oldu ki, bizim illərdir milli və milliyyətçi saydıqlarımızın bəziləri də, sən demə Tehranın və Moskvanın könüllü köpəkləri imiş! Yazdıq bunu dəftərimizin bir qırağına!

Və bir də maraqlı bir məqam: belə proseslərdə adətən mənim etnik mənsubiyyətimlə bağlı uydurmalar boy verir. Bu dəfə də elə oldu. Biri dedi, bu tatdır. Bir başqası dedi, ləzgidir. Bir çoxu isə iddia etdi ki, Azər Həsrət sionist – yəhudidir. İndi bu adamlara səslənirəm, yığışın bir yerə, mənim etnik mənsubiyyətimlə bağlı qərar verin, mən də bilim də işimi…

Zarafat öz yerində, mən bu ünsürlərə böyük Azərbaycan-türk şairi Bəxtiyar Vahabzadənin “Mən türkəm” şeirinin bir bəndi ilə cavab vermək istərdim:

Əslimi, nəslimi tanıyıram mən,

Qarışıq deyiləm, özümdən hürkəm.

Sən kimsən, sən nəsən, özün bilərsən,

Mən ilk qaynağımdan türk oğlu türkəm!

Elə bilirəm, mənim etnik kimliyimə şübhə edənlərin özlərinin etnik mənsubiyyətini yoxlamaq yerinə düşərdi. Farsa, urusa işləyən hər halda mən yox, onlardır. İndi kimin etnik mənsubiyyəti şübhəli ola bilər görəsən?..

Azər HƏSRƏT

Əməkdar jurnalist

Bizi izləyin və paylaşın