Dünya artıq yeni nizama hamilədir?

-“ABŞ təhlükəsizliklərinə zəmanət verdiyi Körfəz ölkələrini qoruya bilmədi. Bu ölkələr onmilyardlarla dollar birbaşa ziyana, ondan dəfələrlə böyük məbləğdə potensial ziyana (dağılmış istehsalat aktivlərinin illərlə çəkəcək bərpası ilə bağlı itirilən gəlirlər) məruz qalıblar. Üstəlik hakim rejimlərin taleyi sual altındadır”.

ELAZ.İNFO-ya danışan Asif Şəfəqqətov deyir ki, “ABŞ-ın nüfuzuna bundan güclü zərbə ola bilməzdi. Əgər ABŞ dünyada ən sıx hərbi bazaları olduğu Yaxın Şərqdə ən “yağlı” müttəfiqlərini 45 il sanksiyalar altında boğduğu İrandan qoruya bilmirsə, başqa regionlardakı müttəfiqlərini necə qoruyacaq?!”

Dünyada baş verən siyasi cərəyanlara diqqət çəkən Asif Şəfəqqətov vurğulayır ki, “ABŞ dünyanın hər yerində müttəfiqlərini qonşuları ilə düşmən edir. Adətən, bu müttəfiqlər qonşularına nisbətən kiçik olur, lakin ABŞ-a arxalanaraq, qonşularına “meydan oxuyurlar”. İndi həmin dövlətlər böyük həyəcan və qorxu içində Körfəz dövlətlərinin vəziyyətinə baxır və özlərini düşünürlər.

Məsələn, Tayvana Çinlə düşmənçilik nə verir? Çin zopasını götürərsə, ABŞ tayvanlıları qırğına verib, özü kənarda dayançayacaqmı? Tayvana verməyə (satmağa) sursatı bitəndə isə gəmilərini Amerikaya qaytaracaq. Əgər ABŞ Tayvanı Çindən qoruya bilməyəcəksə, Çinlə dost münasibətləri saaxlamaq daha doğru olmazdımı?”

Asif Şəfəqqətov vurğulayır ki, “Ukraynada 4 ildir bunu müşahidə edirik. Ona da təhlükəsizlik vədi müqabilində Rusiyanın maraqları ilə oynamaq tapşırılmışdı. Müharibə başladı, Ukrayna 4 ildir himayədarlarını döyüş meydadına köməyə çağırır, amma onlar silah və pul verməklə kifayətlənirlər. Qırılan isə ukraynalılardır. Ölkə əhalisinin yarısı yoxdur – ya ölüblər, ya da ölkədən qaçıblar, qalanların da yarısı ya fiziki, ya da mənəvi şikəstdir. Ölkə torpaqlarını itirib, qalanları da daim hərbi zərbələr altındadır. Gələcəyi isə duman içindədir.

Növbə, yəqin ki, Baltika ölkələrinə də çatacaq. C.Koreya, Filippin, Misir və sair ölkələr də həmçinin.

Dünya artıq yeni nizama “hamilədir”…”

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın