Təhlükəsizlik sistemi niyyəti yox, real vəziyyəti qiymətləndirir

Vaşinqtonda baş verən insidentdə təhlükəsizlik refleksi, hüquqi zərurət və riskin qarşısının alınması məntiqi

Obyektiv təhlili göstərir ki, dövlət başçısının təhlükəsizliyinə cavabdeh olan xidmət tərəfindən tətbiq edilən tədbirlər beynəlxalq mühafizə praktikasında qəbul olunmuş preventiv təhlükəsizlik prinsiplərinə uyğun olub.

Bir neçə gündür ki, Prezidentin Vaşinqton səfəri zamanı baş vermiş insidentlə bağlı geniş müzakirələr aparılır və hadisə müxtəlif aspektlərdən şərh edilir. Əlbəttə ki, bu epizod Prezidentin uğurlu səfəri və yürüdülən siyasət fonunda təsadüfi hadisə kimi deyil, əvvəlcədən planlaşdırılmış provokasiya ehtimalı prizmasından da qiymətləndirilə bilər.

Lakin bu yazının məqsədi siyasi mülahizə yürütmək deyil. Burada baş verən hadisənin məhz təhlükəsizlik hüququ baxımından necə qiymətləndirilməli olduğunu araşdırmağa çalışacağıq.

Vaşinqtonda dövlət başçısının səfəri zamanı baş verən insident bir daha göstərdi ki, təhlükəsizliklə əlaqədar hadisələr çox vaxt hüquqi məntiq üzrə deyil, emosional görüntü üzrə şərh olunur. Halbuki dövlət başçısının mühafizəsi sahəsində qərarlar görüntünün necə göründüyünə görə yox, riskin həmin anda nə qədər real olduğuna görə qəbul edilir.

Çünki beynəlxalq hüquqda dövlət başçıları xüsusi qorunan şəxslər kateqoriyasına daxildir. Bu status 1973-cü il tarixli “Beynəlxalq müdafiə olunan şəxslərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” (Convention on the Prevention and Punishment of Crimes against Internationally Protected Persons) sənədində təsbit olunmuş və dövlət başçıları həmin sənədin 1-ci maddəsinə əsasən “beynəlxalq müdafiə olunan şəxslər” (internationally protected persons) kimi müəyyən edilmişdir. Bu Konvensiyanın 2-ci maddəsi isə dövlətlərə bu şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görmək öhdəliyi qoyur.

Təhlükəsizlik sistemi niyyəti yox, real vəziyyəti qiymətləndirir

Praktik mühafizə sistemində təhlükə sübut ediləndən sonra müdaxilə edilmir, çünki həmin vaxt artıq gec ola bilər. Risk məsafənin dəyişməsi, hərəkətin nəzarət səviyyəsi, təhlükəsizlik çağırışına reaksiya kimi fiziki və real göstəricilər üzrə qiymətləndirilir.

Bu yanaşma diplomatik təhlükəsizlik öhdəliyindən də irəli gəlir. 1961-ci il Vyana Diplomatik Münasibətlər Konvensiyasının (Vienna Convention on Diplomatic Relations) 22-ci maddəsi qəbul edən dövlətin diplomatik nümayəndələrin təhlükəsizliyini təmin etməyə borclu olduğunu müəyyən edir. Bu prinsip beynəlxalq səfərlərdə dövlət başçılarına münasibətdə daha geniş tətbiq olunur.

Müdaxilə qərarı bəzən seçim deyil, öhdəlik olur

Əgər qorunan şəxsin təhlükəsizliyinə risk yaranıbsa, müdaxilə edilməməsi xidmət səhvi hesab oluna bilər. Müasir təhlükəsizlik doktrinasında bu yanaşma preventiv mühafizə prinsipi (preventive protection principle) kimi tanınır və yüksək səviyyəli tədbirlərin təhlükəsizlik planlaşdırılmasında əsas əməliyyat qaydası sayılır. Bu prinsipə görə təhlükəsizlik xidmətinin vəzifəsi hadisəni araşdırmaq deyil, hadisənin baş vermə ehtimalını aradan qaldırmaqdır.

Etiraz hüququ və təhlükəsizlik zonası

Etiraz hüququ beynəlxalq insan hüquqları sistemində tanınır. Lakin bu hüquq təhlükəsizlik zonasında məkan üzrə məhdudlaşdırıla bilər. Bu yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin (European Court of Human Rights) presedent praktikasında da təsdiqlənib. Məhkəmə dövlətlərin təhlükəsizlik tədbirləri ilə bağlı müəyyən diskresion hüququnu tanıyır. Xüsusilə, yüksək vəzifəli şəxslərin təhlükəsizliyini təmin etmək üçün müəyyən zonalarda toplaşma azadlığına məhdudiyyətlər tətbiq edilməsi, həmin məhdudiyyətlər mütənasib olduqda, legitim hesab olunur. Belə zonada fiziki yaxınlaşma artıq ifadə forması deyil, təhlükəsizlik pozuntusu kimi qiymətləndirilir.

İnformasiya mühitində hadisələrin seçilmiş təqdimatı

Belə insidentlərdə ictimaiyyət adətən yalnız müdaxilə anını görür. Halbuki təhlükəsizlik qərarı həmin andan əvvəl yaranmış risk göstəricilərinə əsaslanır. Operativ baxımdan qısa görünən müdaxilə çox vaxt ən minimal tədbir hesab olunur. Təhlükəsizlik xidmətinin məqsədi hadisənin səbəbini müəyyən etmək deyil, fiziki təhlükə ehtimalını dərhal aradan qaldırmaqdır.

Təhlükəsizlik refleksi niyə vacibdir

Tarixi təcrübə göstərir ki, dövlət başçılarına qarşı təhlükələrin böyük hissəsi məhz nəzarətsiz yaxınlaşma ilə başlayıb. 1963-cü ildə ABŞ Prezidenti Con Kennedinin sui-qəsdə məruz qalması, 1981-ci ildə Ronald Reyqana qarşı edilən sui-qəsd cəhdi və ya 2011-ci ildə ABŞ nümayəndəsi Qabriel Giffordsa qarşı hücum kimi hadisələr göstərir ki, təhlükə çox vaxt gözlənilməz anda və yaxın məsafədən yaranır. Bu səbəbdən mühafizə sistemləri hücumun baş verməsini gözləmir, riskin mümkünlüyünü aradan qaldırır. Bu yanaşma beynəlxalq təhlükəsizlik praktikasının əsas refleksi sayılır.

Vaşinqton hadisəsinin hüquqi təhlili göstərir ki, burada əsas məsələ bir neçə saniyəlik fiziki müdaxilə deyil. Əsas məsələ həmin anlarda təhlükəsizlik xidmətinin hansı beynəlxalq öhdəlik və prosedurlar çərçivəsində hərəkət etməsi idi.

Baş vermiş hadisənin operativ təhlili göstərir ki, dövlət başçısının təhlükəsizliyinə cavabdeh olan xidmət tərəfindən tətbiq edilən tədbirlər beynəlxalq mühafizə praktikasında qəbul olunmuş preventiv təhlükəsizlik prinsiplərinə uyğun olub. Bu hadisə zamanı nümayiş etdirilən operativlik dövlət başçılarının təhlükəsizliyinin təmin olunması üzrə müəyyən edilmiş beynəlxalq təhlükəsizlik protokollarına uyğun davranış nümunəsi kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu epizod Prezidentin Təhlükəsizlik Xidmətinin peşəkarlığının, beynəlxalq standartlara uyğun fəaliyyət göstərmə qabiliyyətinin nümayişidir.

Əliməmməd NURİYEV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights