ELAZ.İNFO xəbər verir ki, 12 fevralda Konqresdə “Epşteyn işi” üzrə 4 saatlıq dinləmələr oldu. Dinləmələrə ABŞ-ın baş prokuroru Pam Bondi dəvət edilmişdi. Hər şeydən görünürdü ki, konqresmenlər dinləmələrə yaxşı hazırlaşmışdılar…
Bondidən soruşurlar ki, indiyədək “Epşteyn işi” üzrə neçə nəfərə ittiham irəli sürmüşünüz, neçə şahidi dindirmisiniz, Trampa qarşı şahidlik edə bilən şəxsləri istintaq dinləmələrinə cəlb etmisinizmi və s.
Bondi əsəbi halda cavab verir ki, siz Trampın ölkədə apardığı yaxşı işləri görmürsünüz, Dou-Jons əmsalı yüksəlib, dizelin qiyməti düşüb və s. və i.a.
Başa düşmədim, bunların “Epşteyn işi”nə nə aidiyyəti var?
Konqresmen deyir ki, siz yalan danışırsınız və bunu sənədlərlə sübut edir.
Bondi cavabında onu hədələyir ki, siz məni cinayətdə ittiham edə bilməzsiniz!!!
Konqresmen deyir ki, sizin arxanızda “Epşteyn işi” üzrə şahidlər var (ayağa qalxırlar), onları indiyədək dinləmədiyiniz üçün üzr istəyəcəksinizmi?
Bondi heç onlara baxmır və cavab verir ki, siz Trampı impiçment etmək istəyirdiniz (yəqin ki, 2020-ci ildəki cəhdi nəzərdə tutur), bəs siz Trampdan üzr istəyəcəksinizmi?
Bəlkə də baş prokuror öz sahəsində səriştəli adamdır, amma Konqres dinləmələrində çox naşı göründü. Suallara cavab verməmək üçün əks-hücum taktikası seçmişdi, lakin onu da uğursuz apardı. Baş dövlət ittihamçısı olan şəxs, faktiki olaraq, “Epşteyn işi” üzrə əsas cinayətkarların müdafiəçisi kimi yadda qaldı.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi