Dünyada böyük təsirə iddia edən ölkənin 3 əsas gücü olmalıdır:
– iqtisadi gücü,
– hərbi gücü,
-yümşaq gücü.
Vaxtilə ABŞ-ın və SSRİ-nin hər 3 gücü yüksək səviyyədə idi. 60-cı illərdən etibarən SSRİ yumşaq gücünü itirməyə başladı, 80-ci illərin əvvəlində artıq onun yalnız xatirəsi qalmışdı. ABŞ isə, əksinə, yumşaq gücünü ildən-ilə artırıraraq, 80-ci illərdə bu gücün pikinə çatdı.
ABŞ SSRİ-yə ilk növbədə yumşaq güclə qalib gəldi. Sonra isə iqtisadiyyatda. Niyə belə oldu – ayrı söhbətin mövzusudur.
Hərbi güc də, yumşaq güc də iqtisadi gücdən asılıdır. Yumşaq güc hərbi gücdən istifadə etməməyə və ya nadir hallarda istifadə etməyə imkan yaratmalıdır.
İqtisadi gücün qənaətbəxş deyilsə, hərbi güc və yumşaq güc qənaətbəxş ola bilməz, çünki bunlar böyük vəsait tələb edirlər.
Lakin iqtisadi gücün qənaətbəxş olması hərbi və yumşaq güclərn də qənaətbəxş olacağı anlamına gəlmir. Hərbi və yumşaq güclərin qənaətbəxş olması üçün dövlətin uzunmüddətli (30-50 illik) strategiyası və onu həyata keçirmək üçün iradəsi (bu isə kadr hazırlığı məsələsidir) olmalıdır.
Bunları nəzərə alaraq, indiki dünya güclərini nəzərdən keçirək.
ABŞ
-İqtisadi gücü – zəifləməkdədir, hazırkı iqtisadi gücü daxili resurslarına (sənaye potensialına) əsaslanmır, buna görə də dayanıqlı deyil.
-Hərbi gücü – dünyada ən güclü sayılsa da, ən çox büdcə ayrılsa da, pik dövrünü keçib, iqtisadi gücdən asılı olduğu üçün perspektivi yaxşı görünmür.
-Yumşaq gücü – SSRİ-nin tənəzzül dövrünü xatırladır, hələ ki əvvəlki nəsillərin yaratdığı köhnə steoretiplər əsasında güc kimi qalıb, lakin gələcəyi qaranlıqdır. İqtisadiyyatı zəiflədiyi üçün bu gücü nəinki təkmilləşdirməyə, hətta əvvəlki səviyyədə saxlamağa imkanı yoxdur. Bu səbəbdən ABŞ yumşaq gücə aid olan proqramların çoxunu ləğv edib, “demokratiya”, “insan haqları” kimi “reklam çarxlarından” istifadə etmir, çünki insanları bu reklama inandırmaq üçün uzun müddət və deməli çoxlu pul lazımdır – ABŞ-ın isə nə vaxtı, nə də artıq pulu var.
Çin
-İqtisadi gücü – müqayisə etdiyim dövlətlər arasında ən güclü, inkişafda olan və dayanıqlısıdır.
-Hərbi gücü – sürətlə inkişaf edir, müstəqil hərbi-sənaye kompleksi güclənir, yaxın perspektivdə dünyanın ən böyük və müasir ordusu olacaq.
-Yumşaq gücü – ən zəif tərəfidir. Çinin yumşaq gücünün geniş yayılmasına mane olan obyektiv amillər var – dil, yazı qrafikası və din. Məncə, bu amillər onun ABŞ səviyyəsinə çatması üçün 2-3 qat artıq vəsait və əmək sərf etməsinə səbəb olur.
Rusiya
-İqtisadi gücü – ilk iki dövlətlə müqayisəolunan olmasa da xammal, enerji, sənaye və k/t potensialı çox böyükdür.
-Hərbi gücü – real döyüşlərdə 4 ilə yaxın kütləvi təcrübə qazanmış ən böyük ordulardan birinə sahibdir. İqtisadi potensialı hərbi gücü təmin etmək iqtidarındadır.
-Yumşaq gücü – əsasən, SSRİ-nin vaxtilə yaratdıqlarını istismar edir, yenisinin müəyyən işartıları var, amma hələ tam formalaşmayıb. Belə görünür ki, onun formalaşdırılması çox uzun çəkəcək.
Britaniya
-İqtisadi gücü – tənəzzüldədir.
-Hərbi gücü – yoxdur.
-Yumşaq gücü – ən mükəmməl yumşaq gücə sahibdir. Bu gücü ilk dəfə silaha çevirə bilib və məhz onun sayəsində indiyədək dünyanın lider ölkələri sırasında öndə gedə bilib. Bu sahədə ən mükəmməl texnologiyalara malikdir. Lakin onu saxlamağa iqtisadi gücü tükənmək üzrədir.
Yazdıqlarımı ümumiləşdirsək, hazırda hər 3 gücü qənaətbəxş olan ölkə yoxdur. Britaniyanın iqtisadiyyatı tənəzzüldə olduğu üçün onun perspektivindən danışmağa dəyməz. Qalır 3 ölkə. Onların isə hamısının yumşaq güclə bağlı problemləri var. Buradan 2 nəticəyə gəlmək olar:
– Onlar arasında mübarizə əsasən 2 müstəvidə aparılacaq: iqtisadi və hərbi.
– Onların hər birinin təsir dairəsini genişləndirməsi və onu mühafizə etməsi çətin olacaq.
Başqa sözlə, uğurlu yumşaq güc formalaşanadək bufer ölkələrdə çoxsaylı müharibələrin olması labüddür.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi